Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika Birləşmiş Ştatları-İran danışıqlarında "güc" mübarizəsi: hansı tərəf "qazanacaq"?
Amerika Birləşmiş Ştatları-İran danışıqlarında "güc" mübarizəsi: hansı tərəf "qazanacaq"?

ABŞ prezidenti Donald Trump bildirib ki, İran ABŞ-la danışıqları mütləq davam etdirəcək, əks halda ciddi problemlərlə üzləşəcək. O, ümid edib ki, tərəflər ədalətli razılaşmaya gələcək, lakin İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək.

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf isə ABŞ-ın təhdidləri davam edərsə, Tehranın danışıqlardan imtina edəcəyini bildirib. O əlavə edib ki, İran son həftələrdə “döyüş meydanında yeni güc balansı” nümayiş etdirməyə hazırlaşır.

İran nümayəndə heyətinin İslamabada səfəri və ABŞ ilə yeni danışıqlar raundu regionda gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Müzakirələrdə atəşkəs rejiminin uzadılması ehtimalının yüksək olduğu bildirilir. Uğurlu nəticə əldə olunarsa, Məsud Pezeşkian ilə Donald Tramp arasında birbaşa görüş də gündəmə gələ bilər. Bu danışıqlar regionda uzunmüddətli sabitliyin təmin olunmasına real töhfə verə biləcəkmi?

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranla ABŞ arasında danışıqların alınmamasına səbəb İran tərəfindən irəli sürülən, qəbul olunması qeyri-mümkün tələblərin mövcudluğu idi.

“Bu dəfə də yeni danışıqlar raundu gündəmdədir və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Amma əsas məsələ ondan ibarətdir ki, İran əvvəllər ABŞ-ı ittiham edərək onun sülh danışıqlarını pozduğunu, destruktiv mövqe sərgilədiyini bildirirdi. Buna baxmayaraq, yenidən danışıqlar masasına qayıtması göstərir ki, müəyyən mənada proseslərdə dəyişiklik var və İran müəyyən qədər daha real yanaşma sərgiləməyə başlayıb.

Hər iki tərəfin bölgə üçün kifayət qədər dağıdıcı ambisiyaları var. Bu, açıq reallıqdır. Buna baxmayaraq, tərəflər yenidən danışıqlara getməyə razılaşıblar və görüşlərin İslamabadda keçirilməsi ehtimalı da gündəmdədir.

İranın ABŞ üzərində təsir mexanizmi bu gün olduqca zəifdir. Əgər İran bu prosesi milli mübarizə kimi görürsə, ABŞ bu məsələyə həm ideoloji, həm də siyasi-strateji maraqlar çərçivəsində yanaşır. Hazırda proseslərin daha çox Hörmüz boğazı ətrafında cəmləşdiyi görünür və bu, ən aktual məsələlərdən biridir. Burada əsas məqsəd enerji və iqtisadi maraqların təmin olunmasıdır və tərəflər bunu yaxşı başa düşürlər”, – deyə politoloq bildirib.

Rufiz Hafizoğlu Livan məsələsinə də toxunub. Politoloq deyib ki, İranın regionda təsir mexanizmi getdikcə zəifləyir.

Politoloqun fikrincə, əvvəllər Hizbullah bu təsirin əsas alətlərindən biri idi, lakin son dövrlərdə baş verən proseslər nəticəsində Hizbullahın Livan cəmiyyətindəki rolu zəifləməkdədir və müəyyən qopma prosesi müşahidə olunur.

Bu dəyişikliklər Livanda yeni siyasi reallıqların formalaşmasına gətirib çıxarır. Hazırda Livan daxilində həm siyasi elita, həm də cəmiyyət səviyyəsində Hizbullahla bağlı mövqelər dəyişir və bu, İranın bölgədəki təsirinə ciddi təsir göstərir. Eyni zamanda İsrail və ABŞ-ın regiondakı siyasəti də bu proseslərə təsirsiz ötüşmür. Livanın Hizbullah təsirindən tədricən uzaqlaşması və İranın bölgədəki mövqeyinin zəifləməsi prosesi davam edir. Bu proses asan deyil və müəyyən gərginliklərlə müşayiət olunur, lakin istiqamət bu yöndədir.

Politoloq hesab edir ki, daha geniş baxdıqda İraq da oxşar proseslərin içindədir. Orada siyasi, dini və etnik qruplar arasında ciddi ziddiyyətlər mövcuddur. Şiə, sünni və kürd qruplar arasında balans çox həssasdır və bu vəziyyət regionun sabitliyini daim risk altında saxlayır:

“Ümumilikdə Yaxın Şərqdə proseslər çox mürəkkəb və çoxşaxəlidir. ABŞ, İran, İsrail və region ölkələri arasında qarşılıqlı maraqlar toqquşur və bu da vəziyyəti daha da çətinləşdirir. Gələcək nəticələrin necə olacağı isə həm regiondakı daxili proseslərdən, həm də qlobal güclərin siyasətindən asılı olacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »