Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu: "Belçika və Niderlandın qətnamələri sülh prosesinə zərbədir"
Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu: "Belçika və Niderlandın qətnamələri sülh prosesinə zərbədir"

“Belçika və Niderlandın Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələr tam əsassız və qəbuledilməzdir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyində də aydın görmək mümkündür. Belə ki, bu bəyanatlar verildikdən sonra aprelin 19-da Belçika və Niderlandın ölkəmizdəki səfirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunmuş və orada qətnamələrin qəbul olunmasının əsassız və yolverilməz olduğu, eyni zamanda iki ölkə arasında münasibətlərə ciddi zərbə vurduğu bildirilib”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu danışıb. Elşad Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq könüllü olaraq Azərbaycan ərazilərindən Ermənistana köçmüş ermənilərin geri qayıtma məsələlərinin müzakirəsinin lazımsız olduğunu bildirib və Ermənistan ərazilərini təsvir edən xəritəni seçki təbliğatının əsas elementinə çevirib: “Belə bir vəziyyətdə Avropa ölkələri – xüsusilə Belçika və Niderland – bu cür əsassız qətnamələr qəbul edir. Sözsüz ki, bu, ilk növbədə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, sənədlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2021-ci ilin may ayındakı mövqelərinə geri çəkilməsi tələb olunur. Halbuki Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində fəaliyyət göstərir və öz sərhədləri daxilində hərəkət edib.

2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində milli və dövlət təhlükəsizliyinə ciddi təhdid yaradan separatizmə son qoyulub və bütün ərazilər üzərində suveren nəzarət təmin edilib. Buna görə də Belçika və Niderland Nümayəndələr Palatasının belə tələblərlə çıxış etməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təxribat kimi qiymətləndirilir”.

Politoloqun sözlərinə görə, Belçika parlamentinin qətnaməsi Qarabağdan köçmüş ermənilərin beynəlxalq nəzarət mexanizmləri altında geri qaytarılmasını tələb edi: “Bu yanaşma tamamilə əsassızdır, çünki Azərbaycan tərəfi həmin şəxslərə vətəndaş kimi qalmaq və yeni Azərbaycan pasportu almaqla ölkə ərazisində yaşamaq imkanı təklif etmişdi. Onlar isə könüllü şəkildə Ermənistan ərazisinə keçməyi seçiblər. Hazırda bu məsələ üzərindən siyasi və geosiyasi spekulyasiya cəhdləri müşahidə olunur ki, bu da göstərir ki, bəzi dairələr həmin insanların taleyini deyil, öz regional maraqlarını düşünür”.

Elşad Mirbəşiroğlu bildirib ki, eyni zamanda “beynəlxalq nəzarət mexanizmləri” məsələsi də gündəmə gətirilir: “2022-ci ildə Avropa İttifaqının mülki missiyasının Ermənistana göndərilməsi təcrübəsi Azərbaycan ərazisi ilə bağlı da tətbiq edilməyə çalışılıb, lakin bu, Azərbaycan Prezidentinin iradəsi sayəsində baş tutmayıb. Sonradan məlum olub ki, həmin missiya tərəfsizlik nümayiş etdirməyib və bəzi hallarda təxribat xarakterli fəaliyyətə yol verib. Bu səbəbdən belə təşəbbüslər əvvəlki cəhdlərin davamı kimi qiymətləndirilir”.

Politoloqun fikrincə, bütün bunlar ümumilikdə sülh prosesinə ciddi zərbə vurur, lakin Azərbaycanın mövqeyinə və sülh gündəliyinə təsir göstərə bilmir: “Belçika və Niderland Nümayəndələr Palatasının qətnamələrinin Ermənistanda bəzi dairələr, o cümlədən “Daşnaksütyun” tərəfindən dəstəklənməsi də müşahidə olunur. Bu isə Ermənistanla həmin ölkələr arasında münasibətlərə müsbət təsir kimi təqdim edilir. Lakin “Daşnaksütyun”un ideoloji xəttinin Azərbaycana qarşı yönəldiyi məlumdur və bu da qətnamələrin təhlükəli mahiyyətini göstərir. Qətnamələrdə “hərbi əsirlər” məsələsinə də toxunulur. Lakin həmin şəxslər Azərbaycan qanunvericiliyinə əsasən separatizm və dövlət təhlükəsizliyinə qarşı cinayətlər törətdiklərinə görə məsuliyyətə cəlb olunublar və onların cinayətləri sübuta yetirilib. Bu səbəbdən onların “hərbi əsir” kimi təqdim edilməsi düzgün deyil”.

Elşad Mirbəşiroğlu sonda vurğulayıb ki, ümumilikdə belə addımlar regionda sülh və təhlükəsizlik mühitinə zərər vurur, lakin Azərbaycanın mövqeyinə və sülh gündəliyinə təsir göstərə bilmir. Onun fikrincə, bu, regionda təsir elementlərinin formalaşdırılması cəhdidir və belə cəhdlər davam etsə də, Azərbaycanın iradəsi ilə həyata keçirilən proseslərə təsir edə bilməyəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »