Bakıda məktəblərin birində baş verən son hadisə bir doqquzuncunun sinif yoldaşının üzərinə spirt töküb yandırması artıq "uşaq şıltaqlığı" və ya "məktəbli davası" anlayışlarını çoxdan geridə qoyub. Bu, birbaşa və amansız bir şiddətdir. Biz nə vaxtdan bəri "uşaqdır da, dalaşarlar" dediyimiz o məsum cümləni "uşaqdır da, yandırar" vahiməsi ilə əvəz etdik?
Uşaq psixologiyasında şıltaqlıq diqqət çəkmək və ya sərhədləri yoxlamaq üçün edilən bir hərəkətdir. Lakin əlində spirt və alışqanla sinif yoldaşına hücum etmək artıq şıltaqlıq deyil, idarə oluna bilməyən bir qəzəbin, bəlkə də duyğusal korluğun nəticəsidir. IX sinif şagirdi artıq uşaq deyil, o, etdiyi hərəkətin nəticəsini dərk edə biləcək bir yeniyetmədir. Bir insanı diri-diri yandırmağa cəhd etmək üçün insanın daxilindəki mərhəmət hissi hansı nöqtədə sönməlidir?
Bu gün yeniyetmələr ekran qarşısında saatlarla vaxt keçirirlər. Baxdıqları videolarda, oynadıqları oyunlarda şiddət sadəcə bir "effekt" kimi təqdim olunur. Bir düymə ilə adam öldürülür, digər düymə ilə hər şey bərpa olunur. Reallıq hissi itir. Onlar ağrının, yanığının, II-III dərəcəli xəsarətin real həyatda necə fəsadlar törətdiyini, bir ailənin çırağını necə söndürdüyünü dərk etmirlər. Bu hadisə göstərir ki, rəqəmsal dünyadakı "toxunulmazlıq" hissi real həyata keçəndə faciə qaçılmaz olur.
Hadisənin baş verdiyi yer təhsil ocağıdır. Amma biz hər şeyi məktəbin üzərinə yıxa bilmərik. Şiddət evdə başlayır, küçədə qidalanır, məktəbdə isə partlayış verir.
TƏBİB-in açıqlaması dəhşətlidir: "Başın, üzün, boynun, gövdənin II-III dərəcəli yanığı..." Bu, sadəcə tibbi diaqnoz deyil, həm də bizim cəmiyyət olaraq ortaq yaramızın diaqnozudur. Reanimasiyada olan o yeniyetmənin vəziyyəti bizim mənəviyyatımızın vəziyyətidir.
Bu hadisə hamımız üçün bir dərs olmalıdır. Əgər bir uşaq sinif yoldaşını yandıracaq qədər qəddarlaşırsa, deməli, biz haradasa çox böyük bir səhv etmişik. Şiddəti "uşaq şıltaqlığı" pərdəsi altında gizlətməyə çalışdıqca, daha ağır fəsadlarla üzləşəcəyik. Bu gün o uşağın əlindəki alışqan, əslində, bizim laqeydliyimizin alovudur.
Gəlin, uşaqlarımıza "ən güclü sən olmalısan" deməkdən vaz keçib, "ən vicdanlı sən olmalısan" deməyi öyrənək. Çünki vicdan olmayan yerdə təhsil də, gələcək də yanıb kül olur.
Leyla Mirzə, Bizimyol.info






