Heydər Əliyev Sarayında türkiyəli müğənni Çelikin konserti musiqidən çox, bir mədəniyyət toqquşması ilə yadda qaldı. Çiçəkləri qəbul etməyən, foto çəkdirməkdən imtina edən müğənni və onu "sayğısızlıqda" ittiham edən kütlə. Görəsən, biz sənətçidən musiqi gözləyirik, yoksa bizim bütün istəklərimizi yerinə yetirməli olan bir "xidmətçi" obrazı?
Çelik 58 yaşında olduğunu və iki saatlıq canlı ifadan sonra qan-tər içində qaldığını bildirərək, "insanlara bu halda toxunmaq istəmədim" deyir. Bu, əslində peşəkar bir yanaşmadır. Sənətçi səhnədə bir obrazdır və o, öz fiziki yorğunluğunu, tərləmiş halını pərəstişkarına ötürmək istəməyə bilər. Lakin bizim cəmiyyətdə "qonaqpərvərlik" və "səmimiyyət" anlayışı o qədər yüksəkdir ki, qarşı tərəfin fərdi sərhədlərini çox vaxt görməzdən gəlirik. Bizim üçün "yaxşı sənətçi" hamı ilə qucaqlaşan, hər kəslə şəkil çəkdirən və hər çiçəyi bağrına basan adamdır.
Paylaşılan görüntülərdə bir tamaşaçının canlı ifa zamanı müğənninin geyimindən tutub dartması isə məsələnin digər tərəfidir. Bilet almaq sənətçinin sənətinə ortaq olmaq deməkdir, onun bədəninə və ya geyiminə sahib olmaq deyil. Səhnədəki insanın konsentrasiyasını pozmaq, onu fiziki olaraq narahat etmək sevgidən çox, "mülkiyyət" hissinə bənzəyir. "Pulunu vermişəm, gərək mənimlə şəkil çəkdirsin" düşüncəsi sənəti ucuzlaşdıran ən böyük amildir.
Bəli, xalqın öz sənətçisinə və gələn qonağa olan hörməti önəmlidir, lakin sənətçinin ifasını "bərbad" adlandırmaq və təhqiramiz ifadələr işlətmək tənqid deyil, qərəzdir. Əgər bir müğənni 40 ildir bu sahədədirsə və zalı doldura bilirsə, deməli, onun bir "alıcısı" var.
Çelik bəlkə də daha diplomatik davrana, çiçəyi alıb kənara qoya bilərdi. Amma o, olduğu kimi görünməyi yorğun, tərləmiş və "məsafəli" olmağı seçdi. Biz isə artıq öyrənməliyik ki, sənətçi bizim emosional ehtiyaclarımızı qarşılayan bir robot deyil. O da insandır, onun da sərhədləri var.
Səhnə ilə zal arasındakı o görünməz divar yıxılanda, sənət bitir və yerini "şou-biznes davası"na verir. Gəlin, sənətçini səhnədəki ifasına görə qiymətləndirək, bizimlə neçə saniyəlik kadrda düşdüyünə görə yox.
Leyla Mirzə, Bizimyol.info






