Vladimir Zelenski bildirib ki, Kiyevdə baş verən silahlı insident nəticəsində azı 6 nəfər həyatını itirib. Onun sözlərinə görə, daxili işlər naziri İqor Klimenkonin məruzəsinə əsasən, dinc sakinlərə atəş açan şəxs zərərsizləşdirilib.
Bizimyol.info xəbər verir ki, prezident qeyd edib ki, hazırda 10 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir. Həmçinin 4 girovun xilas edildiyi bildirilir. Hadisə ilə bağlı operativ araşdırma aparılır, işə Ukrayna Milli Polisi və Ukrayna Təhlükəsizlik Xidməti cəlb olunub. Zelenski aidiyyəti qurumlara ictimaiyyətə yalnız təsdiqlənmiş məlumatların təqdim edilməsini tapşırıb.
Kiyev meri Vitali Kliçko isə əlavə edib ki, xəstəxanaya yerləşdirilən 10 nəfərdən başqa daha 5 yaralı var. Onun sözlərinə görə, ölənlərin supermarket binasında olduğu ehtimal edilir — hücum edən şəxs məhz orada girovlar saxlayıb.
Ukraynanın baş prokuroru Ruslan Kravçenko məlumat verib ki, silahlı hücumu törədən şəxs 58 yaşlı Moskva əsilli kişi olub. İlkin məlumata görə, o, Qoloseyev rayonunda avtomat silahla atəş açaraq 6 nəfəri öldürüb, daha sonra supermarketdə barrikada quraraq orada olan insanları girov götürüb. Eyni zamanda, hücumçunun qeydiyyatda olduğu mənzildə yanğın baş verdiyi də bildirilir.
Bizimyol.info






