ABŞ Konqresində Demokratlar Partiyasından olan bir qrup qanunverici müdafiə naziri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib.
Bizimyol.info xəbər verir ki, Amerika mediasının, o cümlədən "The Hill" nəşrinin və 15 aprel 2026-cı il tarixli Kapitoliya rəsmi məlumatlarının bildirdiyinə görə, Pentaqon rəhbəri ölkənin milli təhlükəsizliyini və Yaxın Şərq regionunda sabitliyi risk altına atan addımlarda ittiham olunur.
İttiham mətninə əsasən, Heqsetə qarşı əsas iddia hərbi-strateji qərarların qəbulu zamanı səlahiyyətlərini aşması ilə bağlıdır. Xüsusilə, dövlət sirrləri və məxfi məlumatların ötürülməsi üçün qorunmayan şifrəli messencerlərdən istifadə halları diqqət mərkəzinə çəkilib. Qanunvericilər bildirirlər ki, məxfi məlumatların bu cür riskli idarə olunması İranla davam edən hərbi münaqişənin aktiv mərhələsində baş verib və bu, kritik kəşfiyyat məlumatlarının sızmasına səbəb ola bilərdi.
İmpiçment təşəbbüsünün əsas müəllifi Nümayəndələr Palatasında İran əsilli ilk qadın olan konqresvumen Yasmin Ansaridir. Onu Demokrat qanadının nüfuzlu nümayəndələri — Sara Makbrayd, Jasmin Kroket və Stiv Koen dəstəkləyiblər. Qrupun rəsmi bəyanatında vurğulanır ki, nazirin qərarları münaqişənin əsassız şəkildə gərginləşməsinə və mülki infrastrukturun hədəfə alınmasına gətirib çıxarıb. Bu isə müdafiə nazirinin səlahiyyətlərini aşmaqla yanaşı, ABŞ Silahlı Qüvvələrinin idarəetmə strukturunun pozulması kimi qiymətləndirilir.
Hazırda Pentaqon irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama verməyib. Bununla belə, Respublikaçılar Partiyasından olan Heqset tərəfdarları bu addımı regional böhran dövründə siyasi motivli hücum kimi dəyərləndiriblər.
Qadir, Bizimyol.info






