İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubunda hərəkət edən iki neft tankerində partlayış baş verdiyini və nəticədə gəmilərdə genişmiqyaslı yanğın yarandığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilir ki, Hörmüz boğazında nəzarət tədbirləri davam etdirilir və SEPAH-ın Hərbi Dəniz Qüvvələri bölgədəki vəzifələrini qətiyyətlə yerinə yetirir.
Açıqlamaya görə, ABŞ ordusunun istiqamətləndirməsi ilə Hörmüz boğazının cənubunda təhlükəli marşrutdan keçməyə çalışan iki "qayda pozan" neft tankeri baş verən partlayış nəticəsində alovlanaraq hərəkətini dayandırıb.
SEPAH bəyan edib ki, axtarış-xilasetmə qrupları tanker heyətlərinin təhlükəsiz şəkildə təxliyəsi üçün əməliyyatları davam etdirirlər. Hadisə nəticəsində xəsarət alanlar və ya ölənlər barədə məlumat verilməyib.
İran hərbi qurumu dənizçilik şirkətlərinə müraciət edərək ekipajların və gəmilərin təhlükəsizliyi naminə ABŞ ordusunun verdiyi məlumatlara etibar etməməyə və təhlükəli marşrutlardan istifadə etməməyə çağırıb.
Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ-ın bölgədə "aqressiv fəaliyyətini" davam etdirdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq. SEPAH bildirib ki, bu şəraitdə bölgədən nə neft və qazın, nə də kimyəvi gübrə daxil olmaqla hər hansı yükün ixracına icazə veriləcək.
SEPAH əlavə edib ki, dənizdə baş verdiyi iddia olunan pozuntulara cavab olaraq ABŞ-a məxsus hərbi bazalara qarşı "cəzalandırıcı əməliyyatlar" başladılıb. Qurum əməliyyatların detalları ilə bağlı əlavə məlumatın daha sonra ictimaiyyətə açıqlanacağını bildirib.
ABŞ tərəfi isə hələlik SEPAH-ın bu iddialarına münasibət bildirməyib və açıqlanan məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bizimyol.info






