Vladimir Zelenski İstanbuldakı görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə yeni addımlar barədə razılığa gəldiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski video-müraciətində qeyd edib.
“Biz təhlükəsizlik sahəsində əməkdaşlığın yeni addımları üzrə razılığa gəldik. Bu, əsasən Türkiyəyə dəstək verə biləcəyimiz sahələr – ekspertiza, texnologiya və təcrübə ilə bağlıdır. Əsas siyasi iradə birlikdə işləmək üçün mövcuddur və komandalarımız yaxın günlərdə detalları yekunlaşdıracaq. Həmçinin qaz infrastrukturunun tikintisi üzrə birgə layihələrin həyata keçirilməsi və qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə etdik”, – deyə Ukrauna Prezidenti bildirib.
Görüş zamanı həmçinin Ukrayna ilə Türkiyə arasındakı ikitərəfli münasibətlər, Avropa və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Diplomatik mənbələrdən verilən məlumatda bildirir ki, Dolmabahçe Prezident Ofisində baş tutan danışıqlar təxminən iki saat davam edib. Ərdoğanla görüşdən sonra Zelenski Balat bölgəsindəki Konstantinopol Patriarxı Varfolomeyin iqamətgahına yollanıb.
Zelenski İstanbula şənbə günü gəlib. Bu, cümə günü Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra baş verib. Rusiya lideri Türkiyə həmkarına müvafiq danışıqlar prosesinin keçirilməsinə daim dəstək göstərdiyi üçün təşəkkürünü bildirib. 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna arasında üç raund danışıqlar keçirilib.
Bizimyol.info






