Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar məktəbə gedə bilmir, elektrik kabelləri su içindədir... - Binəqədi Rayon İcra Hakimiyyəti: "Tədbirlər görülür"
Uşaqlar məktəbə gedə bilmir, elektrik kabelləri su içindədir... - Binəqədi Rayon İcra Hakimiyyəti: "Tədbirlər görülür"

Ötən həftə Bakıda yağan yağış paytaxtın müxtəlif ərazilərində acınacaqlı mənzərələr yaradıb. Günlərdir yağış kəsib, amma indiyə qədər yüzlərlə ev, obyekt su içində qalıb. Ayrı-ayrı yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Binəqədi qəsəbəsi, Birinci Mədən küçəsinin sakinləri də yağışdan sonra ağır vəziyyətdə qalanlar sırasındadır. Sakinlərin Bizimyol.info xəbər portalına bildirdiyinə görə, günlərdir yağış kəsilməsinə baxmayaraq, evləri hələ də su içindədir: “Küçələr əməlli-başlı gölməçədir, evlər, avadanlıqlarımız da su içində. Kimin evi ikimərtəbəlidirsə, qalxıb ikinci mərtəbədə məskublaşıb. Getməyə yeri olanlar gedib, olmayanlar da nəinki küçədə, hətta həyətdə, evdə də uzunboğaz rezin çəkmə ilə gəzir. Uşaqlar məktəbə getmir. Çünki gedə bilmir. Uşaq yarım metr suyun içi ilə necə hərəkət eləsin?”

Sakinlər narazılıq edir ki, müvafiq dövlət orqanları ərazidəki suyun çəkilməsi üçün lazım olan addımları atmır. Onlar bu vəziyyətin daha ağır faciə ilə nəticələnə biləcəyindən ehtiyatlanırlar: “İşıq kabelləri suyun içində qalıb. Allah göstərməsin, yanğın baş versə, çox böyük faciələr yaşanacaq. Bunu indidən görürük, xəbərdarlıq edirik. Təəssüf ki, bizi eşidən yoxdur”.

Binəqədi sakinləri əlavə edir ki, əvvəllər də yağış yağanda ərazidə su yığıntıları olurdu. Lakin vəziyyət indiki qədər ağırlaşmırdı: “Əgər vaxtında tədbir görülsəydi, vəziyyət indiki həddə çatmazdı”.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, suyun çəkilməsi üçün günlərdir ərazidə iş aparılır, tədbirlər görülür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »