Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ məhkəməsi Trampın Ağ Evdə təntənəli mərasim salonu tikintisini dayandırdı
ABŞ məhkəməsi Trampın Ağ Evdə təntənəli mərasim salonu tikintisini dayandırdı

ABŞ-da federal məhkəmə prezident Donald Trampın qərarı ilə Ağ Evin şərq qanadının yerində başlanan təntənəli mərasim salonunun tikintisinin müvəqqəti dayandırılmasına qərar verib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Hakim Riçard C.Leon bildirib ki, Konqresin rəsmi razılığı alınana qədər tikinti işləri dayandırılmalıdır. Qərarda qeyd olunur ki, prezidentin belə iri miqyaslı layihəni qanunverici orqanın təsdiqi olmadan həyata keçirmək üçün kifayət qədər səlahiyyəti olmaya bilər, çünki söhbət ölkənin əsas dövlət binalarından birində ciddi dəyişikliklərdən gedir.

Hakim həmçinin layihənin kim tərəfindən həyata keçirildiyi və onun maliyyələşdirilməsi üçün qəbul edilən şəxsi ianələrin hansı əsaslarla toplandığı ilə bağlı şəffaflığın olmamasını tənqid edib.

“Konqres bu layihəni təsdiqləyənə qədər tikinti dayandırılmalıdır”, — deyə məhkəmə qərarında bildirilir. Eyni zamanda qeyd olunub ki, Konqres sonradan tikintinin davamına icazə verə bilər.

Qərarın qüvvəyə minməsi iki həftəlik təxirə salınıb ki, administrasiya apellyasiya şikayəti verə bilsin. Ağ Ev artıq bu imkandan istifadə edərək məhkəməyə müraciət edib.

Təntənəli mərasim salonu layihəsi ABŞ-da dəfələrlə müzakirələrə səbəb olub. Trampın son qiymətləndirməsinə görə, layihənin dəyəri ilkin 200 milyon dollardan 400 milyon dollara yüksəlib. Prezident əvvəllər tikintinin tarixi binaya zərər verməyəcəyini bildirsə də, sonradan şərq qanadı tamamilə sökülüb.

Qeyd edək ki, Ağ Ev administrasiyasına qarşı iddia 2025-ci ilin sonunda Milli Tarixi İrsin Qorunması Fondu tərəfindən qaldırılıb və layihənin tarixi irs üçün təhlükə yaratdığı bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »