Futbol üzrə Azərbaycan yığması “FIFA Series – 2026” beynəlxalq turnirində qalib olub, kubok qazandı. Bu kubokun təqdimat mərasimi Sumqayıtda – Mehdi Hüseynzadə adına stadionda baş tutdu.
Bizimyol.info xəbər verir ki, turnirdə üç komanda iştirak edirdi, üçü də mükafatlandırma mərasimində medallara layiq görülüb. Birinci yerin sahibi kimi, Azərbaycan millisinin futbolçularına qızıl medal, dünən 1:1 bitən qarşılaşmadan sonra penaltilər seriyasında yığmamıza məğlub olan Syerra Leone oyunçularına isə gümüş medal verilib. Bundan iki gün əvvəl azərbaycanlı futbolçularla qarşılaşmada 6:1 məğlub olan Sent-Lusiya oyunçuları isə bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan yığması cəmi iki oyunluq turnirin qalibi olub. Rəqibləri də əhali arasında sorğu keçirilsə, 10 nəfərdən 8-nin dəqiq tanımayacağı ölkələrdir.
Əslində, qrupda mübarizə aparmalı rəqiblərin sayı 3 yox, 4 komanda olmalı idi. Lakin Oman yığması turnirə qatılmaqdan imtina edib. Səbəb kimi isə İran-İsrail/ABŞ müharibəsi ilə əlaqədar təhlükəsizlik məsələləri göstərilib. Əslində, bu 4 komanda arasında ən güclü rəqib də elə Oman yığması göstərilirdi. Lakin o da gəlmədi. Bu səbəbdən Azərbaycan iki oyun, digər iki komandanın hərəsi isə bir oyun keçirməklə turnur başa çatdı və qalib də müəyyənləşdi.
İndi belə bir sual ortaya çıxır: bunu uğur saymaq olarmı?
Ümumiyyətlə, FİFA çalışır ki, müxtəlif qitələrdən olan milli komandalar arasında müxtəlif çaplı turnirlər təşkil olunsun. Bu da onlardan biri idi. Sanki yoldaşılıq oyununa bənzər bir turnir təsiri bağışlayırdı.
Digər tərəfdən, bu turnir boyu müşahidə olunan bir sıra məsələlər diqqətimizi cəlb etdi. Bunlardan biri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı tribunaların boş olması idi. Hansı komanda ilə qarşılaşmasından asılı olmayaraq, Azərbaycan yığmasının oyunu keçirilirdi. Həm də qarşılaşmalar ölkədə qeyri-rəsmi iş günləri olduğu bir vaxta təsadüf edirdi. Lakin tribunalar boş idi, yığmanı dəstəkləməyə azarkeşlər gəlməmişdi.
Bu turnirdə yadda qalan daha bir məqam isə Azərbaycan və Sent-Lusiya yığmaları arasındakı qarşılaşma günü futbolçuların paltardəyişmə otağında baş verənlər idi. Həmin gün yağan yağışın bir hissəsi paltardəyişmə otağında idi. Futbolçular su içində qalmışdılar, necə davranacaqlarını bilmirdilər.
Yeri gəlmişkən, Bakı-Sumqayıt yolundakı tıxaca görə sözügedən qarşılaşmanın vaxtında başlamaması, oyunun gecikməsi də bir başqa söhbətin mövzusudur.
İndi isə Azərbaycan və Syerra Leone milliləri arasındakı oyun barədə. Qərbi Afrika ölkəsinin futbolçuları qarşılaşmada hesabı açdılar və uzun müddət üstün oldular. Yalnız qarşılaşmanın 72-ci dəqiqəsində Rahil Məmmədov rəqib qapıçının səhvi nəticəsində qol vurmaqla hesabı bərabərləşdirə bildi. Nəticədə qarşılaşma 1:1 hesabı ilə bitdi. Qalibi penaltilər müəyyənləşdirdi. Penaltilər də uzun çəkdi və nəhayət, Azərbaycan futbolçuları 9:8 hesabı ilə qalib gəldi.
Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu seçilib. Amma əminik ki, bu turnirdə VAR olsaydı, yəqin ki, nalayiq davranışa görə cəzalandırılan da mütləq olardı. “Neftçi”nin futbolçusu Emil Səfərovun Syerra Leone millisinin üzvünə şillə vurması idmançıya yaraşmayan hərəkət idi. Onun davranışı sosial şəbəkələrdə də tənqidlərə səbəb olub. Yaxınları iddia edib ki, rəqib futbolçu təhqir etdiyinə görə Səfərov şillə ilə cavab verib. Hətta bir qədər irəli gedərək, Səfərovu əfsanəvi Zinəddin Zidanla müqayisə edənlər də tapılıb. Vaxtilə dünya çempionatının finalında Zidanın rəqib futbolçunun təhqirinə kəllə vurmaqla cavab verməsini xatırlatmaqla...
Aytən, Bizimyol.info






