Avtobloger Araz Mübarizoğlu video müsahibəsində bildirib ki, İnsanlara yeni Çin avtomobillərini təqdim edərkən tez-tez sərt reaksiyalarla qarşılaşıram: “Bəziləri deyir ki, “Çin maşını maşın deyil, ona heç 10 manat da vermərəm”. Amma eyni insanlar gedib müxtəlif hərraclardan qəzalı Çin avtomobillərini alıb, ucuz qiymətə ölkəyə sifariş edirlər. Halbuki məsələ təkcə Çin avtomobili deyil. İstər Çin, istərsə də başqa ölkə istehsalı olsun, ciddi deformasiyaya uğramış avtomobil artıq avtomobil sayılmır və ona pul vermək düzgün deyil. Qəzalı avtomobil həyat riski deməkdir. Belə maşınlara pul verməkdənsə, heç olmasa, zədəsiz köhnə bir avtomobil almaq daha məntiqlidir. Bəli, Amerikadan da avtomobillər gətirilir və bilirik ki, oradan gələnlərin arasında qəzalı olanlar çoxdur. Amma burada əsas məsələ zədənin növüdür. Əgər xəsarət çox yüngüldürsə məsələn, qapıda cızıq və ya kiçik əzik varsa, bu böyük problem sayılmır. Belə nasazlıqların aradan qaldırılması da çətin deyil; dəmirçi və rəngsaz tərəfindən qısa müddətdə, bəzən bir günə həll oluna bilər. Amma avtomobilin gövdəsi ciddi şəkildə deformasiyaya uğrayıbsa, belə nəqliyyat vasitəsi artıq avtomobil sayılmır”.
- Qəzalı avtomobil alarkən hansı zədələr təhlükəli sayılır və hansı hallarda belə avtomobildən tamamilə imtina etmək lazımdır?
Nəqliyyat eksperti Adil Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kosmetik qüsurlar ciddi risk yaratmır və peşəkar təmir zamanı asanlıqla aradan qaldırıla bilir.
Adil Nəbiyev“Qəzalı avtomobil alarkən əsas diqqət yetirilməli məqam zədənin kosmetik, yoxsa konstruktiv xarakter daşımasıdır, çünki avtomobilin təhlükəsizliyi birbaşa onun daşıyıcı hissələrinin vəziyyətindən asılıdır, məsələn, yalnız qapıda cızıq, bamperdə yüngül əzik və ya boya zədəsi kimi kosmetik qüsurlar ciddi risk yaratmır və peşəkar təmir zamanı asanlıqla aradan qaldırıla bilir, lakin şassi, lonjeron, dam, sütunlar (xüsusilə A, B və C sütunları), döşəmə hissəsi və ya təhlükəsizlik karkası zədələnibsə, bu artıq avtomobilin zavod tərəfindən nəzərdə tutulan möhkəmliyini itirdiyini göstərir və belə nəqliyyat vasitəsi növbəti qəza zamanı sərnişinləri qoruma qabiliyyətini ciddi şəkildə itirir. Əlavə olaraq hava yastıqlarının açıldığı, təhlükəsizlik kəmərlərinin pirotexniki sistemlərinin işə düşdüyü avtomobillər də risk qrupuna daxildir, çünki bu sistemlərin tam və düzgün bərpası əksər hallarda ya keyfiyyətsiz olur, ya da ümumiyyətlə həyata keçirilmir. Eyni zamanda su basmış (flood) avtomobillər, xüsusilə elektronika və elektrik sistemləri zədələnmiş nəqliyyat vasitələri də uzunmüddətli problemlər və qəfil nasazlıqlar yarada bilər, mühərrik bölməsinə və ya asqı sisteminə ciddi zərbə almış avtomobillər isə idarəetmədə qeyri-sabitlik yaradır və yüksək sürətdə təhlükəli vəziyyətlərə səbəb olur, buna görə də avtomobilin əsas konstruksiyası zədələnibsə, hava yastıqları açılıbsa, şassi əyilibsə və ya suya düşmə faktı varsa, belə avtomobildən tamamilə imtina etmək lazımdır, çünki bu cür nəqliyyat vasitələrinə qənaət etmək əslində gələcəkdə həm maddi itkilərə, həm də ən əsası insan həyatı üçün ciddi risklərə yol açır”-deyə Adil Nəbiyev qeyd edib.
Günel Həsənova, Bizimyol.info






