ABŞ və İran ətrafında yaranmış münaqişə tərəfləri yalnız bəyanatlar və ritorika vasitəsilə dünya ictimaiyyətini öz qələbələrinə inandıra bilməyəcəklər.
Bizimyol.info xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında amerikalı politoloq Garland Nixon səsləndirib.
Ekspertin sözlərinə görə, tərəflərdən heç biri ritorikadan istifadə edərək münaqişədən zərər çəkən insanları qarşıdurmanın onların xeyrinə başa çatdığına inandıra bilməyəcək. O bildirib ki, bunun əsas səbəbi münaqişənin artıq yalnız siyasi və ya hərbi səviyyədə deyil, qlobal miqyasda insanların gündəlik həyatına təsir göstərməsidir.
Nikson qeyd edib ki, dünya üzrə insanlar bu qarşıdurmada sadəcə müşahidəçi rolunda çıxış etmirlər. Əksinə, onlar öz ölkələrinin taleyi, ailələrinin gələcəyi, dolanışıq imkanları, iş və ərzaq təminatı ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu səbəbdən də, onun fikrincə, hazırkı mərhələdə ritorikanın təsiri xeyli zəifləyib və insanlar daha çox real vəziyyəti anlamağa çalışırlar.
Politoloq əlavə edib ki, ABŞ prezidenti Donald Trump artıq bir neçə dəfə qələbə ilə bağlı bəyanatlar verərək Vaşinqtonun vəziyyətə tam nəzarət etdiyini və uğur qazandığını göstərməyə çalışıb. Lakin Niksonun qənaətincə, münaqişə artıq elə bir mərhələyə çatıb ki, onu yalnız tərəflərin açıqlamaları əsasında qiymətləndirmək mümkün deyil.
O vurğulayıb ki, real nəticə yalnız tərəflərin qarşıdurmanın başa çatması ilə bağlı ortaq razılığa gəlməsindən sonra müəyyən oluna bilər.
Qadir, Bizimyol.info






