ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır və ehtimal olunan İranla torpaq əməliyyatlarını nəzərdən keçirir. Eyni zamanda prezident Donald Tramp Tehranla ultimatumunun müddətini müvəqqəti olaraq uzadıb.
Bizimyol.info xəbər verir ki, "Axios" xəbər agentliyinin yüksək vəzifəli ABŞ hərbi rəsminə istinadən verdiyi məlumata görə, regiona ən azı 10 000 yeni hərbçi göndərilə bilər. Pentaqon mənbələri bildirir ki, Tramp administrasiyası qərarı təsdiqləsə, ABŞ-ın döyüş qüvvələrinin sayı əhəmiyyətli dərəcədə artacaq. Qərarın rəsmi təsdiqi gələn həftə gözlənilir. Həmin qüvvələr əvvəlki əməliyyatlarda iştirak etməyən yeni bölmələrdir.
Eyni zamanda müdafiə nazirliyi İran üzərində “son zərbə” planları üzərində işləyir. Bu planlarda yalnız genişmiqyaslı bombardmanlar deyil, torpaq əməliyyatları da nəzərdə tutulur. Agetlik bildirir ki, Tramp hələ aktiv döyüş mərhələsinə keçmək qərarını verməyib, lakin diplomatik səylər nəticə verməsə, kəskin eskalasiya variantına hazırdır.
Regiona əlavə qüvvələrin göndərilməsi artıq başlayıb: bir neçə döyüş təyyarəsi eskadrilyası və yeni dəniz piyadaları bölmələrinin yaxın həftələrdə çatması gözlənilir. Ekspertlər bu manevrləri Vaşinqtonun İran məsələsində hərbi variantı ciddi nəzərdən keçirdiyinin göstəricisi kimi qiymətləndirirlər.
Buna baxmayaraq, Tramp İranın energetika infrastrukturu ilə bağlı ultimatumunun müddətini 6 aprel, saat 20:00-a qədər uzadıb. O, "Truth Social" sosial şəbəkəsində yazıb ki, bu qərarı “İran hökumətinin xahişi ilə” qəbul edib və danışıqların “çox yaxşı getdiyini” qeyd edib. Bu isə Tehrana ABŞ tələblərini yerinə yetirmək üçün əlavə on gün verir.
Qadir, Bizimyol.info






