Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: "Vətənimizi qorumaq üçün gənclərimizin hərbi xidmətə olan münasibətin yüksək psixoloji hazırlığını təmin etməliyik"
Hərbi ekspert: "Vətənimizi qorumaq üçün gənclərimizin hərbi xidmətə olan münasibətin yüksək psixoloji hazırlığını təmin etməliyik"

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısını almaq üçün Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, eləcə də “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər aparılıb. Vətəndaşlar üzrlü səbəb olmadan tibbi müayinəyə, hərbi xidmətə və ya çağırış toplantılarına qatılmadıqda, bu, “çağırışdan yayınma” kimi qiymətləndirilir və qanuni məsuliyyət doğurur. Belə hallarda vətəndaşın ölkədən çıxmaq hüququ müvəqqəti məhdudlaşdırıla, yaşadığı ərazi üzrə hərbi qeydiyyat qaydalarına riayət etmədikdə isə məsuliyyət tətbiq oluna bilər. Məktəb yaşlarından uşaqlara və valideynlərə hərbi xidmətin məqsədi və vəzifə məsuliyyəti barədə psixoloji dəstək vermək, gənclərin hazırlıqlı və inamlı olmalarına böyük təsir göstərə bilər.

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, zaman keçdikcə qanunlarda dəyişikliklərin aparılması və təkmilləşdirmə işləri normaldır. Bu, yalnız hərbi xidmətə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış vasitəsilə deyil, bütün sahələrdə cəmiyyətin mütəmadi olaraq maarifləndirilməsi ilə həyata keçirilir.

Şair Ramaldanov Şair Ramaldanov

“Hərbi xidmət Konstitusiyada nəzərdə tutulmuş vətəndaşlıq borcudursa, burada psixoloji faktorlar böyük önəm daşıyır. Hərbi xidmətə qoyulan tapşırıqları yerinə yetirmək və gələcəkdə vətənpərvərlik ruhunun formalaşması, onun psixoloji hazırlığından çox şey asılıdır. Bunları qanunla əldə etmək olmur. Vətən müharibəsində gənclər könüllü şəkildə səfərbərlik və hərbi xidmətin müvafiq qurumlarına müraciət edirdilər. Nəticədə böyük ruh yüksəkliyi ilə Vətən uğrunda şəhidlik zirvəsinə qalxaraq, candan keçməyə, qan tökməyə qadir olan gənclərimiz Azərbaycana qələbəni gətirdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bu gün biz artıq ərazilərimizdə şərəfli inkişaf yolu keçirik. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərimizlə bağlı yüksək qiymət verərək, onların fəaliyyətini həmişə dəstəkləyib. Müharibədə oraları görməyən, o torpaqlarda doğulmayan gənclər də işğaldan azad edilmiş torpaqlarda uğurlu əməliyyatlar aparmağa qadir olduqlarını sübut etdilər”-deyə Şair Ramaldanov qeyd edib.

“Gənclərin vətənpərvlik ruhunda formalaşması işləri Azərbaycanda kompleks şəkildə böyük önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşması strategiyası qəbul edilib. Bu strategiyada tədris müəssisələrində vətənpərvərlik ruhunun formalaşması proqram kimi təqdim olunur. Həmin strategiyaya uyğun olaraq aparılan tədbirlər gənclərin vətənpərvərlik ruhunu və haqq işimizdə düşmən üzərində qələbə iradəsini formalaşdırmağa imkan verdi. Gənclərin formalaşmasında və psixoloji cəhətdən hazır olmalarında hamımız iştirak etməliyik.

Tədris müəssisələrinin rolu burada həddindən artıq böyükdür. Çoxsaylı tədbirlər, məktəblərdə aparılan müharibə iştirakçıları ilə görüşlər, qəhrəmanlarımızla təşkil olunan tədbirlər və s. gənclərin vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. Bizim gənclərimiz hələ məktəbli olarkən həmin qəhrəmanları görərək, onların həyat yolunu özlərinə örnək götürürlər. Bu da gənclərin psixoloji baryerləri aşmasına və vətənpərvlik ruhunun zənginləşməsinə xidmət edir”-deyə hərbi ekspert bildirib.

Şair Rmaldanov qeyd edib ki, bu gün Səfərbərlik və Hərbi Xidmət haqqında qanunlarda aparılan dəyişikliklər daha çox qeydiyyatla bağlıdır: “Elektron rəqəmsal imkanlardan istifadə edilərək kabinetlər yaradılıb. Bütün bunlar maarifləndirmə və məlumatlandırmanı rahat və konkret şəkildə həyata keçirməyə xidmət edir. Təbii ki, bu zaman cavabdehlik də artır. Hazırda Azərbaycan geosiyasi proseslərdə əhəmiyyətli rol oynayır. Məsələn; şimal qonşumuz Rusiya dörd ildir müharibə şəraitindədir, cənub qonşumuz İran İslam Respublikası da müharibə şəraitindədir. Bunların hamısı Azərbaycan üçün böyük risklər yaradır. Naxçıvana düşən dronlardan sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasında verdiyi mühüm tapşırıqlar məhz bu riskləri nəzərə alaraq hazırlanıb. Cənab Prezidentin qoyduğu tapşırıqlar və yaranmış vəziyyət nəzərə alınaraq əlavə tədbirlər tam şəkildə həyata keçirilir. Bu işləri hərbi xidmətdə olan əsgər və komandir heyəti həyata keçirir. Vətənimizi qorumaq, torpaqları azad etmək üçün gənclərimizi formalaşdırıb böyütdüyümüz kimi, bundan sonra da hərbi xidmətə olan münasibətin yüksək psixoloji hazırlığını təmin etməliyik. Burada beynəlxalq praktikadan da istifadə edilir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »