İran prezidenti Məsud Pezeşkian BRİKS ölkələrini Yaxın Şərqdə davam edən münaqişədə “müstəqil rol” oynamağa çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın Nyu-Dehlidəki səfirliyi Pezeşkianın Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığının yekunlarına dair məlumat verib.
Diplomatik nümayəndəliyin açıqlamasında bildirilir ki, Hindistanın BRİKS-də hazırkı sədrliyinə istinad edən Pezeşkian qurumu İrana qarşı “aqressiyanın dayandırılması” və regionda, eləcə də beynəlxalq səviyyədə sülh və sabitliyin təminində fəal və müstəqil mövqe tutmağa səsləyib.
Səfirlik həmçinin qeyd edib ki, İran prezidenti Yaxın Şərq ölkələrinin iştirakı ilə, xarici müdaxilə olmadan regional əməkdaşlıq əsasında sülh və sabitliyi təmin etməyə yönəlmiş yeni təhlükəsizlik strukturu yaradılmasını təklif edib.
İran lideri vurğulayıb ki, regionda müharibə və qarşıdurmanın sona çatması üçün əsas şərt ABŞ və İsrail tərəfindən “aqressiyanın dərhal dayandırılması”, eləcə də bu cür addımların təkrarlanmasının qarşısını alacaq təminatların verilməsidir.
Qadir, Bizimyol.info






