Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Görünməz deyilmiş”: İran ABŞ-ın "F-35" təyyarəsini necə vurdu?
“Görünməz deyilmiş”: İran ABŞ-ın "F-35" təyyarəsini necə vurdu?

İranın hava hücumundan müdafiə sistemi ABŞ-a məxsus "F-35" tipli “stealth” (aşağı görünürlüklü) qırıcı-bombardmançı təyyarəni vurmağa nail olub. Təyyarə ciddi zədələnsə də, son anda bazaya enə bilib.

Bizimyol.info xəbər verir ki, bu hadisə ABŞ-ın hava məkanında tam üstünlüyə malik olduğu və İranın çoxsaylı zenit sistemlərini sıradan çıxardığı bir şəraitdə baş verib. Halbuki ekspertlərə görə, bu hadisə gözlənilməz deyildi — "F-35"in aradan qaldırılması mümkün olmayan zəif tərəfi artıq 2025-ci ildə Yəməndə husilərin hücumu zamanı üzə çıxmışdı.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq ilk olaraq ölkənin ali siyasi rəhbərliyinə zərbə endirmişdi. Qısa müddətdə koalisiya qüvvələri hava üstünlüyünü ələ keçirərək Tehranın da daxil olduğu hədəflərə idarə olunan bombalarla müntəzəm hücumlara başladı. Bu isə İranın hava müdafiəsinin ciddi təhlükə yaratmadığı fikrini gücləndirdi.

Martın 19-da ABŞ prezidenti Donald Tramp da bu üstünlüyü açıq şəkildə vurğulayaraq, “istədiyimiz yerə uçuruq, bizə heç kim atəş açmır” demişdi. Lakin elə həmin gün axşam bu iddialar təkzib olundu.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "F-35"in zenit raketi ilə vurulduğunu açıqladı və hadisəyə dair video yayımladı. Videonun həqiqiliyi ilə bağlı şübhələr olsa da, qısa müddət sonra ABŞ-ın CNN telekanalına danışan mənbələr təyyarənin zədələndiyini təsdiqlədi. Bildirildi ki, "F-35" Yaxın Şərqdəki ABŞ bazalarından birinə məcburi eniş edib və pilotun vəziyyəti stabildir. Daha sonra pilotun qəlpə yarası aldığı və təyyarənin uzun müddət istifadəyə yararsız olacağı da dəqiqləşib.

Bu hadisə İran üçün mühüm taktiki uğur sayılsa da, strateji mənzərə dəyişməyib. ABŞ və İsrail aviasiyası hələ də İrana qarşı cəzasız zərbələr endirməyə davam edir və İranın hava müdafiə sistemi ümumilikdə zəif vəziyyətdə qalır.

Mütəxəssislərin fikrincə, müasir hava müharibəsində hava hücumundan müdafiə iki fərqli funksiyanı yerinə yetirə bilər: ya ərazini qorumaq, ya da pusqu taktikasından istifadə edərək düşmənə itkilər vermək. İranın mövcud vəziyyətdə daha çox ikinci yanaşmaya — “hava partizanlığına” üstünlük verdiyi ehtimal olunur.

Bu taktikanın müasir nümunələrindən biri Yəməndə husilərin fəaliyyəti olub. Onlar sadə və bəzən improvizə olunmuş zenit vasitələri ilə ABŞ təyyarələri üçün real təhlükə yarada bilmişdilər. Xüsusilə diqqət çəkən məqam isə onların radar əvəzinə infraqırmızı kameralar və müşahidə sistemlərindən istifadə etməsidir. Bu sistemlər siqnal yaymadığı üçün aşkarlanması çətindir və “stealth” texnologiyasının üstünlüklərini qismən neytrallaşdıra bilir.

Məlumatlara görə, İran da oxşar texnologiyalardan istifadə edir və hətta bu sistemləri süni intellektlə inteqrasiya edərək hədəflərin avtomatik izlənməsini təmin edir. ABŞ və İsrailin bu şəbəkəni məhv etmək cəhdlərinə baxmayaraq, onun müəyyən hissəsi hələ də fəaliyyət göstərir.

Ekspertlər hesab edir ki, "F-35"in vurulması təsadüfi deyil, uzunmüddətli və yaradıcı hərbi hazırlığın nəticəsidir. Bununla belə, bu cür hadisələrin davamlı xarakter alacağına dair əsas yoxdur. Əksinə, belə insidentlər ABŞ pilotlarını daha ehtiyatlı olmağa vadar edə bilər.

Qeyd olunur ki, "F-35" ətrafında formalaşdırılan “tam görünməzlik” imici reallığı tam əks etdirmir. Hətta təyyarəni istehsal edən "Lockheed Martin" şirkəti belə onun aşkar edilə bilməz olduğunu heç vaxt iddia etməyib. Əksinə, konstruktorlar təyyarənin zədələnmə halında belə uçuş qabiliyyətini qorumasına xüsusi diqqət yetiriblər.

Sınaqlar göstərib ki, "F-35" müəyyən zərbələrə baxmayaraq fəaliyyətini davam etdirə bilir — məsələn, mühərriki qəlpə zədələri alsa belə işləməyə davam edir, yanacaq sistemləri isə yanğının qarşısını almaq üçün xüsusi texnologiyalarla qorunur.

Nəticə etibarilə, İranın əldə etdiyi bu uğur simvolik əhəmiyyət daşısa da, müharibənin ümumi gedişatına həlledici təsir göstərmir. ABŞ və İsrailin hərbi üstünlüyü hələ də davam edir və yaxın perspektivdə bu balansın dəyişəcəyi gözlənilmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »