Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən münaqişə fonunda enerji və digər mülki obyektlərə zərbələrin dayandırılması üçün moratorium tətbiq etməyi təklif edib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Aİ sammiti öncəsi jurnalistlərə açıqlamasında danışıb.
Makron bildirib ki, Fransa münaqişədə həm mülki infrastruktura, həm də dinc əhaliyə qarşı hücumların dayandırılmasının tərəfdarıdır və gərginliyin tezliklə azaldılmasına çağırır. Onun sözlərinə görə, bu cür hücumların nəticələri artıq bütün dünyada hiss olunur.
Prezident xatırladıb ki, münaqişənin əvvəlindən Hörmüz boğazının bloklanması səbəbindən neft və qaz qiymətləri kəskin artıb. O xəbərdarlıq edib ki, istehsal güclərinin məhv edilməsi halında müharibənin nəticələri daha uzunmüddətli və ağır olacaq.
Makron İranın neft hasilatı obyektlərinə endirilən zərbələrə xüsusi toxunmasa da, İranın Fars körfəzi ölkələrindəki istehsal obyektlərinə hücumlarını “düşünülməmiş eskalasiya” adlandırıb. O qeyd edib ki, çərşənbə axşamı Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə İranın qaz infrastrukturuna hücumlarını müzakirə edib, həmçinin ABŞ Prezidenti Donald Trampla da danışıb. Makronun sözlərinə görə, Tramp da enerji və su təchizatı obyektləri də daxil olmaqla mülki infrastruktura hücumların dayandırılmasına çağırıb.
Martın 18-də İranın Buşehr vilayətinin Assaluye rayon rəhbəri bildirib ki, İsrail və ABŞ-ın zərbələri nəticəsində “Cənubi Pars” yatağının bir neçə obyektində yanğın baş verib. Bunun ardınca İranın İnqilab Keşikçiləri Korpusu yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə neft-qaz obyektlərinə hücum edəcəyini açıqlayıb.
Daha sonra "Qatar Energy" şirkəti Ras Laffan sənaye zonasının raket atəşinə tutulduğunu və ərazidə yanğın başladığını açıqlayıb. Qətərin Müdafiə Nazirliyi zərbənin İran ərazisindən buraxılan ballistik raketlə endirildiyini bildirib. Şirkət əlavə edib ki, martın 19-na keçən gecə obyektlər yenidən raket hücumuna məruz qalıb və bu, daha bir genişmiqyaslı yanğına səbəb olub.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.
Martın 2-də İran generalı Ebrahim Cəbari dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanacağını bəyan edib. Lakin martın 5-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, boğaz rəsmi olaraq bağlanmayıb, sadəcə gəmilər və tankerlər təhlükəsizlik səbəbindən oradan keçməyə risk etmirlər.
Bizimyol.info






