Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yat, qazan... Tənbəllərin yeni “peşəsi”
Yat, qazan... Tənbəllərin yeni “peşəsi”

Dünya dəyişir, amma bəzən o qədər qəribə istiqamətdə dəyişir ki, insan təəccüblənməyə bilmir. Şanxay şəhərində keçirilən “ən uzun yuxu” müsabiqəsi də məhz belə hadisələrdəndir. Bir vaxtlar “yatmaq vaxt itkisidir” deyənlərin dünyasında indi insanlar yataraq pul qazanmağa çalışırlar.

Şərtlər sadədir. Uzan və yat. Nə qədər çox yatarsansa, bir o qədər qələbəyə yaxınsan. Heç bir xüsusi bacarıq, illərlə qazanılmış təcrübə, peşəkar hazırlıq tələb olunmur. Sadəcə gözlərini yum və oyanma. Müasir dünyanın sürətinə baxanda bu, bir növ ironiyadır. İnsanlar illərlə işləyib qazandıqları pulu indi bəziləri yataraq əldə etməyə çalışır. Bu yarışmaya marağın böyük olması isə cəmiyyətin psixologiyası haqqında çox şey deyir. Deməli, insanlar yorulub. Deməli, bədən də, beyin də fasilə istəyir. Amma bu fasilə artıq sadəcə istirahət deyil, bir növ “mükafatlandırılan fəaliyyətə” çevrilir. Yəni yuxu belə bazar iqtisadiyyatının bir hissəsinə çevrilir.

Bir tərəfdən baxanda bu, gülməli görünür. Sosial şəbəkələrdə “tənbəllər üçün ideal iş” kimi təqdim olunur. Doğrudan da, kim istəməz ki, yataraq pul qazansın? Amma digər tərəfdən bu, düşündürücüdür. Çünki bu yanaşma zəhmət anlayışını bir qədər kölgədə qoyur. İnsanların illərlə çalışaraq qazandığı dəyərlər fonunda belə yarışmalar qəribə kontrast yaradır.

Əslində isə burada gizli bir mesaj da var. Təşkilatçılar bunu açıq havada istirahəti və sağlam yuxunu təşviq etmək kimi təqdim edirlər. Və bu, tamamilə əsassız deyil. Müasir insan həqiqətən də az yatır, keyfiyyətsiz yatır və daim yorğun olur. Bəlkə də bu yarışma bir növ simvolik çağırışdır: “dayan, bir az dincəl”.

  • Biz doğrudanmı elə bir dövrə gəlib çatmışıq ki, artıq yatmaq belə yarışa çevrilir?
  • Sabah başqa hansı “adi” fəaliyyətlər pul qazandıran şouya dönəcək?

Hər halda bir həqiqət dəyişmir. Həyatın əsas qaydası yenə də zəhmətdir. Yatmaq istirahətdir, bərpa olunmaqdır, amma həyat qurmaq üçün yetərli deyil. Əgər hər şey bu qədər asan olsaydı, dünya çoxdan tamam fərqli yerə çevrilərdi. Amma etiraf edək bəzən hamımızın içində bir səs deyir ki, “kaş bir gün heç nə etmədən, sadəcə yataraq pul qazananlardan olaydım…”

Bəlkə də bu yarışmanın populyarlığının sirri də elə bundadır.

Leyla Mirzə, Bizimyol/info

Son xəbərlər
Bütün xəbərlər »