Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram niyə lazımdır?
Bayram niyə lazımdır?

Bəzən belə fikirlər eşidirik: “Bu qədər çətinlik içində bayram qeyd etməyin nə mənası var?”, “Bu boyda təmtəraq nəyə lazımdır?”, “Novruz bayramını qeyd etməsək nə olar ki?”

Bu suallar ilk baxışda sadə görünür. Amma əslində onların arxasında daha böyük bir məsələ dayanır insanın ümidə olan ehtiyacı.

Bayramlar sadəcə təqvimdə qırmızı rənglə işarələnmiş günlər deyil. Bayramlar insanların bir anlıq da olsa gündəlik qayğılarından uzaqlaşdığı, çətin günləri unutmağa çalışdığı, gələcəyə ümidlə baxdığı anlardır. İnsan bəzən sevinmək üçün səbəb axtarır və bayramlar məhz həmin səbəbi yaradır. Xüsusilə, Novruz kimi bayramlar. Novruz təkcə süfrəyə qoyulan səməni, bişirilən şirniyyat və ya yandırılan tonqal deyil. Bu bayram yüzilliklər boyu insanların yaddaşında baharın, yenilənmənin və ümidin rəmzinə çevrilib. Qışın sərtliyindən sonra gələn bahar necə təbiəti oyadırsa, bayram da insanların ruhunu oyadır.

Bəziləri isə deyir ki, bu qədər təmtərağa nə ehtiyac var. Əslində bayramın mahiyyəti təmtəraq deyil. Bayramın mahiyyəti birlikdir. Ailə üzvlərinin bir süfrə arxasında toplaşmasıdır. Uzun müddət görüşməyən qohumların bir-birini ziyarət etməsidir. Küskünlərin barışmasıdır. İnsanların bir-birinə “bayramın mübarək” deməsidir. Bu günlərdə insanlar bir az daha mehriban olur, bir az daha səxavətli olur, bir az daha ümidli olur. Bəlkə də bayramın ən böyük dəyəri məhz budur.

Həyat heç vaxt problemsiz olmur. İqtisadi çətinliklər, şəxsi qayğılar, gündəlik stresslər hər zaman var. Əgər insan bütün bunların içində sevinmək üçün heç bir səbəb tapmasa, həyat daha da ağırlaşar. Bayramlar isə sanki cəmiyyətə qısa bir fasilə verir. İnsanlara xatırladır ki, həyat təkcə problemlərdən ibarət deyil. Bu günlərdə uşaqlar sevinir, böyüklər xatirələrini yada salır, evlərdə işıq və səs-küy artır. Hətta sadə bir şirniyyat və ya kiçik bir süfrə belə insanın ürəyinə istilik gətirə bilir. Ona görə də Novruzu qeyd etmək sadəcə bir ənənəni yaşatmaq deyil. Bu, insanların ruhunu qorumaqdır. Çünki bəzən insanın yaşamaq üçün böyük səbəblərə yox, kiçik sevinclərə ehtiyacı olur. Bayramlar da məhz həmin kiçik, amma vacib sevinclərdir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »