Dünyanın ən böyük silah istehsalçılarından biri olan İsrailin Baş naziri Benyamin Netanyahu Ukraynanın dron texnologiyalarına maraq göstərir və bu məqsədlə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmaq istəyir.
Bizimyol.info xəbər verir ki, İsrailin "Ynet" nəşri öz mənbələrinə istinadən yazır ki, baş nazirin ofisi Zelenski ilə telefon danışığının təşkili üçün Ukraynaya rəsmi müraciət göndərib.
Məlumata görə, bu təşəbbüs Ukraynanın İran istehsalı olan pilotsuz uçuş aparatlarının qarşısını almaqda qazandığı böyük təcrübə fonunda irəli sürülüb. İsrail tərəfi bu sahədə Ukrayna ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Ukraynanın İsraildəki səfiri Yevhen Korniyçuk belə bir müraciətin göndərildiyini təsdiqləyib. Onun sözlərinə görə, hər iki ölkə liderinin sıx iş qrafiki səbəbindən telefon danışığı hələ baş tutmayıb. Lakin səfir ümid edir ki, söhbət gələn həftənin əvvəlində reallaşacaq.
Qeyd olunur ki, Yaxın Şərqdə döyüş əməliyyatlarının kəskinləşməsi və İran dronlarının Fars körfəzi ölkələrinin enerji və hərbi infrastrukturuna hücumları fonunda dünyada dronlara qarşı mübarizə sistemlərinə maraq xeyli artıb. Ukraynalı silah istehsalçıları tərəfindən hazırlanmış bu sistemlərə artıq bir sıra ölkələr də maraq göstərir və onların alınması və ya birgə istehsalı barədə danışıqlar aparılır.
Bununla yanaşı, ABŞ prezidenti Donald Trump fərqli mövqe sərgiləyərək açıqlamalarında Ukrayna dronlarının effektivliyini şübhə altına alıb və ABŞ ordusunun belə texnologiyalara ehtiyac duymadığını bildirib.
Bizimyol.info






