Cənub bölgəsində davam edən müharibə fonunda bir çox beynəlxalq uçuşlar marşrutlarını dəyişərək Azərbaycanın hava məkanından istifadə etməyə başlayıb. Bu səbəbdən ölkənin hava məkanı müəyyən mənada tranzit uçuşlar üçün “İpək yolu”na çevrilib. Xarici aviaşirkətlər hava məkanından istifadə etdikdə uçuş marşrutuna görə müəyyən ödənişlər edirlər və bu vəsait dövlət büdcəsinə daxil olur. Nəticədə tranzit uçuşların artması Azərbaycan üçün müəyyən iqtisadi gəlir və aviasiya sektorunda əlavə imkanlar yaradır.
Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, beynəlxalq müqavilələrə əsasən hava limanından istifadə ilə bağlı həmin ölkəyə ödənişlər həyata keçirilir və əgər bir ölkənin hava limanından istifadə edirsə, şirkət tərəfindən və ya dövlət tərəfindən həmin ölkəyə ödənişin həyata keçirilməsi müqavilə şərtlərinə uyğun olaraq reallaşır.
Vüqar BayramovVüqar Bayramov qeyd edib ki, beynəlxalq standartlar var, bu baxımdan Azərbaycanın hava məkanından istifadə olunması praktiki olaraq beynəlxalq prinsiplərə uyğun həyata keçirilir və qarşılıqlı müqavilələr əsasında da bununla bağlı ödənişlər nəzərdə tutulmalıdır: “Təbii ki, fors-major hallarında bu prosedurların necə tənzimlənməsi dövlətlərarası münasibətlərlə bağlıdır. Amma Azərbaycan üzərindən uçuşların sayının artması bir daha Azərbaycanın geosiyasi mövqeyinin həm geosiyasi, həm coğrafi mövqeyinin əhəmiyyətli olduğunu göstərməklə yanaşı, həm də bir daha təsdiq edir ki, Azərbaycan regionda təhlükəsiz ölkələrdən biridir və bu da Azərbaycan üzərindən uçuşların həyata keçirilməsinə zəmin yaradır. Bütövlükdə, ölkənin hava məkanını nə qədər çox istifadə olunursa, ölkəyə o qədər çox valyuta daxil olur”.
İradə Cəlil, Bizimyol.info






