Futbol üzrə qadınlardan ibarət milli komandamız Dünya Çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb. Bizim qızlar Bakıda Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edib. Kapitan Sevinc Cəfərzadənin dublu oyunun taleyinə aydınlıq gətirib.
Bizimyol.info xəbər verir ki, qadınlardan ibarət milli komandamız Şimali Makedoniya ilə yanaşı, Macarıstan və Andorranın mübarizə apardığı qrupda yer alıb. Andorra ciddi rəqib sayılmır. Cırtdan ölkə təmsilçisi dünyanın ən zəif komandalarından biridir. Amma Şimali Makedoniya üzərində qələbə çox vacibdir. Martın 7-də Budapeştdə ən azı məğlub olmamaq bizim komandanın qrup qalibi olmaq şansını artıracaq.
Ölkə futbolunda bütün diqqət kişilərin oyunlarına yönəlib. Hətta xeyli zəif təsir bağışlayan milli komandanın qarşılaşmalarına da maraq var. Lakin Şimali Makedoniya ilə oyuna baxanların sayı heç 500 nəfərə çatmırdı. Qadın futbolçulara qarşı açıq-aşkar ögey münasibət var. Halbuki ortaya ciddi uğur qoyulub. Bizim qızlar son beş qarşılaşmada qələbə qazanıb. Özü də bu oyunlardan yalnız axırıncısı Azərbaycanda keçirilib. Qızların bir çoxu legioner həyatı yaşayır. Nigar Mirzəliyeva bir az da uzağa gedib, müdaiəçi bir müddət əvvəl “Hamburq”a transfer olunub.
AFFA-nın da doğmalığı hiss olunmur. Uğur fonunda qadın futbolçulara qənaətbəxş mükafat verilmir. Hərçənd, kişi futbolçular zəif rəqiblə oyunda heç-heçə oynayanda da qazanc əldə edirlər.
Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda yalnız xoş sözlərə layiqdir. Elə doğma münasibətə də. Qızların dəstəyə çox ehtiyacı var. Onlar bizi hələ çox sevindirəcəklər.
Aytən, Bizimyol.info






