Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi planlarını açıq şəkildə uğursuzluğa düçar etsə də, hələ də Kiyevin kapitulyasiyasına nail olmağa çalışır.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Financial Times” nəşri yazır.
Məqalədə bildirilir ki, Putin ukraynalıların əksəriyyətinin guya “vətənə qayıtmaq” istədiyini düşünərək bir neçə gün ərzində qələbə qazanacağını gözləyirdi. Lakin bu hesablamalar özünü doğrultmadı.
Nəşr qeyd edir ki, təxminən 350 min həlak olmuş rusiyalının ailələri Kremlin səhvlərini xüsusilə dərindən hiss edir. Putin eyni zamanda NATO-nu zəiflətməyə çalışırdı. Ancaq Finlandiyanın alyansa qoşulmasından sonra NATO-nun Rusiya ilə sərhəd xətti demək olar ki, iki dəfə artıb.
Məqalədə vurğulanır ki, Putinin hesablamalarından biri də ABŞ-da hakimiyyət dəyişikliyinin onun xeyrinə olacağına ümid idi. Onun gözləntisinə görə, Donald Trump sələfi Co Baydendən fərqli olaraq kəskin mövqe sərgiləyəcək və Ukrayna Prezidenti Vladimir Zelenskini siyasi baxımdan çətin vəziyyətdə qoyacaq.
Nəşr yazır ki, Trampın Zelenskiyə xüsusi rəğbət bəsləmədiyi əvvəlki il Oval kabinetdə baş verən qalmaqallı görüş zamanı da hiss olunurdu. Bununla belə, müəlliflər qeyd edirlər ki, Tramp eyni zamanda Putinin onu ciddiyə almaya biləcəyindən ehtiyat etməyə başlayıb.
Hətta Rusiya tərəfinin trilyonlarla dollar dəyərində iqtisadi razılaşmalar vədlərinə baxmayaraq, Putin hələ də Ukraynanın kapitulyasiyasını əsas məqsəd kimi görür. “The Financial Times” hesab edir ki, o, müharibəyə həddindən artıq aludə olub və daha az nəticə ilə razılaşmağa hazır deyil.
Nəşr əlavə edir ki, Kremlin bu mövqeyi hətta Vaşinqtonda Rusiyaya daha yaxın hesab edilən prezidentin mövcudluğunu belə risk altına qoyur: “Bəzi insanlar müsbət cavabı qəbul etməyi bacarmır”.
Ukrayna Prezidenti Vladimir Zelenski isə hesab edir ki, ölkəsinin müharibəni bu ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkilərə qədər – yəni payıza kimi – başa çatdırmaq şansı var.
O bildirib ki, hazırkı məqamla noyabr seçkiləri arasında “imkan pəncərəsi” mövcuddur və bu dövr sülhə nail olmaq baxımından həlledici ola bilər.
Qadir, Bizimyol.info






