Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Seçilmiş" deputat həqiqətən də "millətin vəkili" olmağı bacarırsa...
"Seçilmiş" deputat həqiqətən də "millətin vəkili" olmağı bacarırsa...

Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib. Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Deputat deyib ki, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. “Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib.

İfadəyə bax “Millət Məclisi”… Yəni bizim məclisimiz... Sənin, mənim, Gədəbəydə yaşayan Əlinin, Neftçalada su tapmayan Musanın... Əslində əla təklifdir, amma məsələnin bir əmması var? Bizi orada kim təmsil edəcək?

Adına "millətin vəkili" deyə bilmədiyimiz deputatlarmı?

Rafael Hüseynov unudub ki, Azərbaycanda rəsmi, hüquqi termin deputatdır. Bütün sənədlərdə, hüquqi və rəsmi şəkildə Milli Məclisin deputatı yazılır, millət vəkili yazılmır…

Millət vəkili sadəcə ictimai, siyasi–publisistik üslubdur. Güya bizi təmsil etdiklərinə görə, onlara "millət vəkili" deyirik. Amma bizi necə təmsil edirlər?

Jurnalistin əlinin çatmadığı deputat seçicini necə təmsil edə bilər? Deputata sual göndərirsən, gah xəstə olduğunu deyir, gah iclasda olduğunu bildirir, gah mesaja və ya zəngə cavab vermir. Yəqin ki, mövzudan anlayışı olmur. Ya da düşünür ki, danışar, sözündən söz tutarlar. Axı özünə əminlik yoxdur.

Bu gün jurnalistlərlə ünsiyyəti olan, danışa bilən deputatlar elə həmişə danışıblar, çünki onlar mandat və yaxud da öz biznesinə görə “seçilən” deputatlar deyil. Onlar bizim aramızdan seçilib. Jurnalistlər, politoloqlar deputat olanda həm işini bilir, həm vətəndaşla necə danışmaq lazım olduğunu bilir, həm də vətəndaşı təmsil edə bilir. Amma şəxsi biznesi olan iş adamının çevrəsi xalq, millət deyil. Ataların bir misalı var. Deyir “toxun acdan xəbəri olmaz”. Bu deputatlar da o qəbildəndir, "xəbərsizlər"dən…

Nə isə, mövzudan çox da uzaqlaşmayım. Bilirsiniz, deputat necə olmalıdır? Deputat olmaq təkcə siyasi status deyil. Deputat olmaq həm hüquqi məsuliyyət, həm də mənəvi yükdür. Deputat xalqın maraqlarını təmsil etməli, seçicilərinin hüquq və mənafelərini müdafiə etməyi əsas vəzifə kimi qəbul etməlidir. Deputat korrupsiyadan uzaq olmalıdır. Seçilən deputat qanunvericilik fəaliyyətində fəal iştirak etməli, qanun layihələrinin hazırlanması, müzakirəsi və səsvermə prosesində məsuliyyətli mövqe göstərməlidir.

Milli Məclisin iclaslarında yatmaması qanunda qeyd edilməsə də, deputat iclaslarda yatmamalıdır. Təkliflərini, çıxışlarını özü yazmasa belə, oxuyanda heç olmasa normal oxumalıdır.

Deputatın şəffaflıq və hesabatlılığı olmalıdır. Ailəsi, ailəsində olan problemlərlə gündəm olmamalıdır.

Ən əsası vətəndaşlarla görüşləri formal olmamalıdır, vətndaşın şikayətini və müraciətini Milli Məclisə daşımağı bacarmalıdır. Bundan sonra deputat "millətin vəkili" olmağı bacarırsa, ondan sonra Milli Məclisin adını dəyişmək mövzu ola bilər?

Bu gün deputatların bir çoxu jurnalistlərlə ünsiyyətdən qaçır, köməkçiləri də bir işə yaramır. İki cümləni yan-yana qoyub danışa bilməyən necə deputat olur ki, millətin vəkili olmağını gözləyəsən?!

Bəlkə, müzakirə mövzunuz deputatların "millət vəkili" ola bilməsi üçün görüləsi işlər olsun bu dəfə? Nə bilim, ağzı olan hər kəs danışır…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »