26 fevral 1992-ci il... Səhəri pis xəbərlə açdıq. Deyirdilər ki, ermənilər Xocalı şəhərinə hücum edərək, böyüklü-kiçikli hamıya divan tutub, öldürüb, evləri yandırıb.
Uşaq idim, 20 Yanvar hadisəsindən sonra ikinci faciə haqqında eşidirdim. Ermənilərə qarşı böyük nifrət yaranmışdı ürəyimdə. Xocalı haqqında böyük məlumatım yox idi, etməmişdim, görməmişdim, hər bir uşaq kimi bilirdim ki, Xocalı Qarabağdır. Və atamın evdə danışdıqlarından bilirdim ki, ermənilər torpaqlarımızı yağmalamaq, əlimizdən almaq, sahib çıxmaq istəyir. Atam deyirdi ki, “özünün olmayana sahib çıxmaq erməninin xislətində var, bizim ən böyük düşmənimiz ermənidir”.
Xocalını ancaq Çingiz Mustafayevin çəkdiyi görüntülərdə gördüm. Üzəri ağappaq qarla örtülmüş, öldürülmüş insanlar... Bəlkə də o vaxtdan ağappaq qara nifrətim yaranmışdı. Qar soyuq olur çünki, ölüm kimi...
Bir də xatirimə vertolyota can atan insanlar gəlir. Bir də don vurmuş uşaq... Sonra bədəninə od basılmış qadınlar, ayaqlarını don vurmuş gəlinlər...
Eşitdik ki, hadisə zamanı 613 nəfər öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı insan olub. 487 nəfər ağır yaralanıb, 1 275 nəfər girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq hər iki valideynini, 25 uşaq isə bir valideynini itirib. Və illər keçdikcə, mən böyüdükcə yara daha da dərinləşdi içimdə...
Xocalıda hər iki valideynini itirən uşağı Raulu tapdım, danışdım. İllər keçsə də, hər iki valideynini itirmə travması Raulu tərk etməmişdi. O zamanlar yaşı az idi, amma insan valideynini unuda bilərmi? Əsla!
2023-cü ildə baş tutan 23 saatlıq lokal antiterror əməliyyatından bir neçə gün sonra oktyabrın 15-də Xocalı işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərdə Azərbaycan bayrağını ucaltdı. 31 ildən sonra şəhər işğaldan azad edildi.
Hər dəfə Qarabağa gedəndə Xocalı sözünü görəndə 1992-ci il yadıma düşür. Gözümün önündə o qanlı gecə canlanır. 34 il keçib o gecədən, amma yəqin ki, müharibə illərinin acılarını kökünə qədər yaşayan bizim nəsil o gecəni əsla unutmayacaq. Daim ürəyimizin bir tərəfində sızıldayan yara kimi qalacaq. Unutsaq, gərək özümüzü, kimliyimizi, yaşadığımız əziyyətləri, aclığı, yoxluğu unudaq. Bu, mümkün deyil ki...
İllər keçəcək, nəsillər dəyişəcək, bəlkə Xocalı hadisəsi tarixdə sadəcəb ir soyqırım hadisəsi kimi qalacaq. Amma biz bu gün bilirik ki, Xocalıda 613 dinc sakin ermənilər tərəfindən ölürülüb. Günahsız, çarəsiz, kimsəsiz 613 nəfər...
İradə Cəlil, Bizimyol.info






