Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 körpənin ölümündə ittiham olunan keçmiş direktor: “TƏBİB-dən lazım olan vəsaiti ala bilmədik”
7 körpənin ölümündə ittiham olunan keçmiş direktor: “TƏBİB-dən lazım olan vəsaiti ala bilmədik”

Respublika Perinatal Mərkəzində yeni doğulmuş 7 körpənin ölümü ilə nəticələnən yanğından iki ildən çox vaxt keçir. Bu hadisə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş Mərkəzin o zamankı direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin isə məhkəməsi davam edir.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən son iki məhkəmə prosesində təqsirləndirilən Mehriban Abbasquliyeva ifadə verir.

Fevralın 25-də hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə keçirilən məhkəmə prosesində ifadəsində keçmiş direktor bildirib ki, rəhbərlik etdiyi Respublika Perinatal Mərkəzin yanğın siqnalizasiya sistemi yararsız vəziyyətdə idi. Mehriban Abasquliyevanın sözlərinə görə, bu nasazlıq onun dövründən əvvəl mövcud olub: “Mərkəzin məndən əvvəlki direktorları Sevinc Məmmədovanın, Məryəm Rzayevanın vaxtında da yanğın siqnalizasiya sistemi yararsız olub”.

O, qeyd edib ki, siqnalizasiya sisteminin təmiri üçün binanın damı sökülməli və başqa işlər görülməli idi. Görüləcək işlərin hər biri üçün lazım olan vəsait də hesablanmışdı və müəyyənləşdirilmişdi ki, yanğın təhlükəsizliyi, siqnalizasiya, dam örtüyünün bərpası və s. məsələlər üçün ümumilikdə 2 milyon 700 min manat pul lazımdır.

“Yanğın təhlükəsizliyilə bağlı siqnalizasiyanın olmaması barədə TƏBİB-ə yazılı məlumat vermişdim. TƏBİB-dən lazım olan vəsaiti ala bilmədik”, - deyə Mehriban Abasquliyeva bildirib. O, qeyd edib ki, Perinatal Mərkəzdə günü bu gün də yanğın təhlükəsizliyi ilə bağlı siqnalizasiya sistemi quraşdırılmayıb. Buna görə 2025-ci ildə ondan sonrakı direktor da inzibati məsuliyyətə cəlb olunub.

Mehriban Abasquliyevanın sözlərinə görə, rəhbərlik etdiyi Mərkəzdə başqa problemlər də var idi. Həmin problemlərin bir hissəsini isə öz maaşı hesabına həll etməyə çalışırdı. Onun dediyinə görə, qazanxanada nasazlıq vardı, isti su gəlmirdi, hava təmizləyici qurğu işləmirdi, işıq generatoru da xarab olmuşdu: “Bunları özüm təmir etdirmişdim. Mərkəzə paltaryuyan maşın, 20 kiloqramlıq soyuducu və başqa avadanlıqlar almışdım. Generatoru da təmir etdirmişdim. Maaşım 6549 manat idi, onun 3500 manatını bu işlərə xərcləmişəm. İndi yazıblar ki, vəzifə öhdəliklərini yerinə yetirməmişəm”.

Keçmiş direktor bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın təhlükəsizliyi qaydaları ilə onlara təlimlər keçib, zəlzələ, yanğın və digər hallarda necə davranmaqla bağlı maarifləndirmə xarakterli söhbətlər aparılıb. Hətta Perinatal Mərkəzin işçilərinə yanğınsöndürən balonlardan istifadə qaydaları da öyrədilib. Mehriban Abasquliyeva onu da qeyd edib ki, Mərkəzdə yanğın təhlükəsizliyinin tam təmin olunması üçün mövcud olan balonlar kifayət etmirdi: “Yanğın təhlükəsizliyi üçün lazım olan avadanlıqları yeniləməyə kifayət qədər maliyyə ayrılmamışdı”.

Mehriban Abasquliyeva 2022-ci ilin dekabrında Respublika Perinatal Mərkəzinə direktor təyin olunub, 2024-cü ilin yanvarında isə yanğın baş verib.

Mehriban Abasquliyeva hesab edir ki, özündən əvvəlki rəhbərliyin də məsuliyyətini onun üzərinə atırlar. Onun sözlərinə görə, əvvəlki direktor Məryəm Rzayeva direktor olduğu zaman təxliyyə pilləkəni zibil yeri kimi istifadə olunurdu. O, direktor təyin ediləndən sonra həmin yeri təmizlətdirib: “Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar”.

Mehriban Abasquliyeva və digər iki nəfərin məhkəməsi martın 4-də davam edəcək.

İttihama əsasən, Mehriban Abasquliyeva 28 dekabr 2022-ci ildən 2024-cü ilin yanvarına qədər direktor olduğu dövrdə stasionar xəstə qəbulunu iki dəfəyə qədər artırıb. Nəticədə Mərkəzin iş yükü də həddi aşıb, normal iş fəaliyyəti pozulub. Perinatal Mərkəzdə nəticədə elektrik təsərrüfatı artıq yüklənib və sonda 2024-cü il yanvarın 9-da yanğına səbəb olub.

Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, Hamlet Mustafayev və Elnur Əhmədli isə yalnız Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »