Sosial şəbəkədə yayılan videogörüntüdə "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun əlində kürəklə Şamaxı stadionuna yığılmış qarı təmizləməsi müxtəlif suallar doğurur: Halbuki bu işlər müvafiq texnika vasitəsilə həyata keçirilməli deyilmi? Stadionların təmizliyinə kim məsuliyyət daşıyır? Oyunlardan əvvəl hava şəraiti nəzərə alınmırmı?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlamasında bildirib ki, AFFA ilə danışıqların nəticəsi olaraq Şamaxıya peşəkar texnika göndərilib: “Stadionun hazırlığı meydan sahibi komandanın məsuliyyətindədir. Amma Peşəkar Futbol Liqası olaraq biz də bu prosesdən heç bir halda kənarda qalmırıq. Vəziyyət nəzərə alınaraq, AFFA ilə danışıqların nəticəsi olaraq Şamaxıya peşəkar texnika göndərilib, klub fərqli rəngdə olan toplarla təmin olunub. Vəziyyət oyun günü səhər saat 9-dan tam nəzarətə alınıb. Texnika ilə yanaşı, istənilən fors-major hala hazır olmaq üçün stadiona bellər də gətirilib ki, ehtiyac yaranarsa, xətlərin tez bir zamanda təmizlənməsi mümkün olsun, hansı ki beynəlxalq təcrübədə də bu var”.
Sənan Abdullayev“Baş məşqçi Qurban Qurbanovun stadionun qardan təmizlənməsində iştirakı şəxsi təşəbbüsüdür. Avropada da bu və buna bənzər hallara rast gəlinir. Yadınızdadırsa, yaxın keçmişdə Avropa komandalarının birində azarkeşlər meydançaya enərək qardan təmizlənməyə köməklik etmişdilər.
Bir daha qeyd edək ki, Qurban Qurbanovun stadionu təmizləməsi şəxsi təşəbbüsüdür və tanınmış azərbaycanlının ümumi işlərə töhfə verməsi ancaq alqışlana bilər. Hamının bir məqsədi vardı ki, stadion oyuna tam hazır olsun və buna nail olduq”-deyə Sənan Abdullayev qeyd edib.
Günel Həsənova, Bizimyol.info






