ABŞ-nin vitse-prezidenti, Ceyms Devid Vens, çıxışında Azərbaycanın ABŞ üçün yalnız regional tərəfdaş deyil, uzunmüddətli və strateji əhəmiyyət daşıyan etibarlı dost olduğunu vurğulayıb. O, xüsusilə Əfqanıstandakı əməkdaşlığı yüksək qiymətləndirərək, azərbaycanlıların ABŞ hərbçiləri ilə çiyin-çiyinə vuruşmasını və terrorla mübarizədə verdikləri dəstəyi ön plana çıxarıb. Vens bu əməkdaşlığı iki ölkə arasındakı etimadın və tərəfdaşlığın nümunəsi kimi təqdim edib. O, həmçinin səfərin məqsədinin sadəcə rəsmi görüşlərdən ibarət olmadığını, iki ölkə arasında “yeni səhifə” açmaq və münasibətləri daha yüksək səviyyəyə qaldırmaq olduğunu bildirib. Vensin fikrincə, Prezident Tramp və Prezident Əliyevin liderliyi ilə Azərbaycan–ABŞ münasibətləri gələcəkdə daha da möhkəmlənəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda gözümüzün önündə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir tarixi mərhələsi başlayır. Deputat hesab edir ki, bu vaxta qədər heç bir dövrdə Azərbaycan-Amerika münasibətləri bu qədər genişmiqyaslı, bu qədər dərin olmayıb: “İki ölkə arasında imzalanan Strateji tərəfdaşlıq haqqında Xartiya da bunun sübutudur. Xartiyada qeyd olunan məsələlər deməyə əsas verir ki, bu məsələlər icra olunduqdan sonra yeni bir mərhələ üçün də potensial yaranır. Bu, strateji tərəfdaşlığa gedəcək qədər, daha doğrusu, strateji müttəfiqliyə bizi aparacaq qədər imkanlar yaradır ki, bu da olduqca mühüm hadisədir. Çünki Amerika Birləşmiş Ştatları dünyanın bir nömrəli güc mərkəzidir”.
Hikmət BabaoğluDeputat qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərində xartiya imzalanması, həmçinin xartiyada qeyd olunan strateji məsələlərin icrası üçün işçi qrupunun yaradılması yeni bir səhifədir, Bununla yanaşı bu vaxta qədər olmayan sahələrdə əməkdaşlıq da yenilikdir: “Bura daxildir: süni intellekt sahəsində əməkdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq, mülki nüvə sahəsində əməkdaşlıq və s. Bunlar hamısı əhəmiyyətlidir. Amma ən yeni səhifələrdən birisi odur ki, xartiyada Azərbaycandan Naxçıvana Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçidin öz əksini tapmasıdır. Bu da tamamilə yeni bir hadisədir. Bu, uzun illərdir mübarizə apardığımız Azərbaycandan Azərbaycana maneəsiz keçidin mandatını əslində əldə etməyimiz kimi qiymətləndirilə bilər”.
Hikmət Babaoğlu bildirib ki, əgər Azərbaycan Amerika Birləşmiş Ştatları ilə Əfqanıstanda sülhməramlı missiyada birgə iştirak edirdisə, bu gün coğrafiya genişdir, önümüzdəki perspektivdə çox böyük miqyasda əməkdaşlıqlar baş verə bilər: “Heç şübhəsiz ki, Azərbaycanla ABŞ münasibətlərinin, həm də hərbi sahədə və təhlükəsizlik sahəsində əməkdaşlığı zərurəti ortaya çıxır ki, xartiyada bunlar da öz əksini tapıb. Münasibətlərin bu qədər dərinləşməsi və bu qədər strateji məzmun kəsb etməsini Azərbaycan və Amerika Birləşmiş Ştatları iki böyük liderə borcludur. Bunlardan biri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdır, digəri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məhz iki uzaqgörən lider hazırda həm Amerika Birləşmiş Ştatlarının dövləti və xalqının, həm də Azərbaycan Respublikasının dövləti və xalqının və maraqlarının arxasında durmaqla bunu təmin edərək yeni bir tandem yaradır. Cənubi Qafqaz və bütövlükdə Orta Asiya, eləcə də Yaxın Şərq coğrafiyasında bunun özü də tamamilə yeni bir səhifədir və yeni bir tarixi hadisədir”.
İradə Cəlil, Bizimyol.info






