Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bütün dövlətlər, o cümlədən Rusiyanın özü, Azərbaycan-ABŞ münasibətlərindən nümunə götürməlidir"
"Bütün dövlətlər, o cümlədən Rusiyanın özü, Azərbaycan-ABŞ münasibətlərindən nümunə götürməlidir"

Azərbaycan xarici siyasətində çoxvektorlu yanaşmanı əsas götürərək bir neçə strateji tərəfdaşlıq və müttəfiqlik əlaqəsi qurub. Türkiyə ilə hərbi, siyasi və iqtisadi sahələrdə dərin əməkdaşlıq mövcuddur, ABŞ-la isə 2026-cı ildə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bu əlaqələri daha da gücləndirib. Rusiya ilə 2022-ci ildəki Müttəfiqlik Bəyannaməsi siyasi dialoqdan humanitar sahəyə qədər iki ölkə arasında strateji yaxınlığı təsdiqləyir, Çin isə enerji və infrastruktur layihələrində əsas tərəfdaş rolunu oynayır. Azərbaycanın fərqli ölkələrlə mütəffiqliyi, bağladığı sazişlər, xartiyalar, müttəfiqlik bəyanatları hər zaman iki ölkənin maraqlarını təmin edən şəkildə imzalanıb. Azərbaycan heç bir zaman tutduğu siyasi xəttdən kənara çıxmayıb.

Xatırladaq ki, 2022-ci ildə Rusiya ilə də müttəfiqlik bəyanat imzalamışıq. Amma 2024-cü ildə Rusiya birtərəfli şəkildə müttəfiqlik bəyanatına uyğun olmayan şəkildə davranışlar sərgiləməyə başlayıb. O zamandan bu günə qədər ölkələr arası münasibətlərdə bir soyuqlaşma müşahidə edilir.

“Azərbaycan müstəqil dövlətdir və biz bunu həmişə bəyan etmişik. Xüsusilə də Prezident İlham Əliyev həmişə müxtəlif beynəlxalq tədbirlərdə eləcə də Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və ya görüşlər zamanı qeyd edib ki, bizim ayrı- ayrı dövlətlərlə münasibətlərimizdə əsas məqsədimiz Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan xalqının maraqlarıdır. Bizim müstəqil dövlət olaraq maraqlarımız hər şeydən öndə durur. Təbii ki, bu maraqlara hörmət edən, bu maraqları qoruyan istənilən beynəlxalq hüququn subyekti ilə dövlət, beynəlxalq təsisatlarla münasibətlər qurmaqda maraqlıyıq. Əslində bu, ən düzgün düsturdur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Xəyal Bəşirov danışıb. Politoloq qeyd edib ki, məhz ona görədir ki, Azərbaycan heç bir hərbi bloka qoşulmur: “Hərbi bloka qoşularkən artıq sən kiminsə maraqlarına xidmət etməlisən və yaxud da kimin maraqlarına uyğun şəkildə siyasət yürütməlisən. Bu da bizim siyasətimizə uyğun deyil”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Xəyal Bəşirov

Xəyal Bəşirov bildirib ki, Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin 22 fevral tarixində müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sənəd imzalanıb və bu sənəddə kifayət qədər məqamlar öz əksini tapıb: “Azərbaycan imzaladığı bütün beynəlxalq sənədlərdə olduğu kimi, bu sənədin də ruhuna uyğun şəkildə addımlar atıb. Baxmayaraq ki, bu bəyannamədir, bu bəyannamədə Azərbaycan yenə də öz siyasətini açıq şəkildə ortaya qoyub. Ona qədər də bizimlə Rusiya arasında müstəqillik dövründə yüzlərlə sənəd imzalanıb və heç vaxt bizim hər hansı bir sənədin ruhuna, mahiyyətinə, məzmununa zidd addımımız olmayıb.

Təəssüflər olsun ki, 2024-cü ilin dekabrında Azərbaycana aid olan təyyarənin vurulması, Rusiya səmasında ondan sonra baş verən hadisələr, təyyarədə Azərbaycan vətəndaşlarının faciəli şəkildə, deməli dünyalarını dəyişməsi və bununla bağlı Rusiya tərəfinin beynəlxalq hüquqdan və 1947-ci il Çikaqo Konvensiyasından irəli gələn tələblərinə riayət etməməsi, eyni zamanda Azərbaycanla Rusiya arasında olan sənədlərə, o cümlədən də 2022-ci il 22 fevral tarixli bəyanata uyğun şəkildə addımlar atmaması təbii ki, bizim haqlı narahatçılığımıza səbəb olub və bu, haqlı narahatçılığa səbəb olursa, bu halda biz mövqeyimizi həmişəki kimi ortaya qoymalıyıq. Necə ki qoymuşuq”-deyən politoloq bildirib ki, Rusiya ilə hər hansı bir sənədi imzalayırıqsa, bu da o demək deyil ki, biz Qərbdən hər hansı bir ölkə ilə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə münasibət qurmamalıyıq. O halda biz Rusiyadan asılı olan bir görüntü yaradacağıq. Təbii ki, bu, belə deyil. Azərbaycan müstəqil dövlətdir, istənilən dövlətlə münasibət qurması, o münasibətləri hansı istiqamətdə davam etdirilməsi Azərbaycanın öz daxili məsələsidir.

Amerika Birləşmiş Ştatları ilə münasibətimizin qurulması, inkişaf etməsi hazırkı administrasiyanın əvvəlki administrasiyadan “demokratlar”dan fərqli siyasət ortaya qoymalarıdır. Azərbaycan dövlətinin mövqeyinə, onun müstəqilliyinə, onun ərazi bütövlüyünə, onun suverenliyinə bu şəkildə yanaşan Donald Tramp administrasiyasına münasibətdə Azərbaycanın mövqeyi təbii ki, adekvat olmalıdır. Biz adekvat münasibətdən yanayıq. Əgər pisdirsə, pis pis deyillərsə, biz də pis olmuruq. Prezident İlham Əliyev öz çıxışlarında deyib ki, “bizə qarşı hansı münasibət olarsa, biz adekvat münasibəti istənilən tərəfə qarşı sərgiləmək iqtidarındayıq”. Bu iradəmizi həmişə ortaya qoymuşuq və çıxışlarının birində prezident qeyd etdi ki, əgər əvvəlki administrasiya, yəni Cozef Bayden administrasiyasının indiki administrasiyanın dönəmində də davam etsəydi, bizim münasibətimiz olduğu kimi qalardı. Amma Donald Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycana, onun rəhbərinin ünvanına səsləndirdiyi fikirlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə vermək cəhdləri təşəbbüsləri, Vaşinqtonda Ağ Evdə keçirilən görüş, daha sonra Sülh Şurasında Azərbaycanın təmsil olunması ilə bağlı təşəbbüs ortaya qoyulması, Prezident İlham Əliyevin oraya dəvət edilməsi, daha sonra ABŞ-ın vitse Prezidentinin regiona və Bakıya səfəri, səsləndirdiyi fikirlər bütün bunlar bizə adekvat siyasət ortaya qoymağı zəruri edir”.

Politoloq qeyd edib ki, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması nə hər hansı bir dövlətə, o cümlədən də Rusiyaya rəsmi Moskvaya, nə də ki, rəsmi Moskva ilə imzaladığımız 2022-ci il 22 fevral tarixli bəyanata zidd deyil: “Biz müstəqil dövlətik, bu bizim müstəqil, xarici siyasətimizdən irəli gəlir və istənilən dövlət Azərbaycanın maraqlarına uyğun şəkildə addımlar atırsa, Azərbaycan onunla istənilən istiqamətdə, (söhbət qarşılıqlı maraqları təmin edən istiqamətlərdən gedir) əməkdaşlığa həmişə açıq olub”.

Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra biz, həm də Rusiyadan sülh istiqamətində atılan addımlara birmənalı yanaşma görmədik. Bu da bizdə ciddi narahatçılıq yaradır: “Yəni əgər biz bir dövlətlə hansısa bir münasibətləri qururuqsa, o dövlət çox gözəl anlayır və bizim mövqeyimizdən də bəlli olur ki, Azərbaycan üçün hər şeydən öncə onun müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və dövlətçilik maraqlarıdır. Bu dövlətçilik maraqlarına zidd hər hansı bir addım atılırsa, o cümlədən də bax elə bir misal olaraq deyək ki, 2024-cü ilin dekabrında Rusiya səmasında baş verən dəhşətli hadisə və onunla bağlı Rusiya tərəfinin atmalı olduğu addımları atmaması… Rusiya prezidenti tərəfindən səsləndirilsə belə o istiqamətdə addımların atılmaması bizi təbii ki, narahat edir, hiddətləndirir, qəzəbləndirir və bizim Rusiya ilə münasibətlərimizə istəsək də, istəməsək də təsir göstərir. Bu təsir bizdən qaynaqlanmır qarşı tərəfdən qaynaqlanır”.

Xəyal Bəşirov hesab edir ki, bütün dövlətlər, o cümlədən Rusiyanın özü, Azərbaycan-ABŞ münasibətlərindən nümunə götürməlidirlər: “Onlar bu prosesə baxıb Azərbaycanla eyni münasibətləri qurmaqda maraqlı olacaqlarını göstərəcəklərsə, bizim də cavabımız eyni məzmunlu olacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »