Amerikalı aktrisa və müğənni Liza Minnelli süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilən “Kids, Wait Til You Hear This” adlı yeni musiqi kompozisiyasını ictimaiyyətə təqdim edib.
Bizimyol.info xəbər verir ki, bu mahnı sənətçinin 2013-cü ildən sonra yayımladığı ilk musiqi işidir.
Minnellinin sözlərinə görə, trekdə səslənən vokal tamamilə ona məxsusdur və süni intellektdən istifadə edilməsinə baxmayaraq, səsin klonlanması və ya kopyalanması baş verməyib. Musiqinin aranjimanı və instrumental müşayiəti üçün "ElevenLabs" şirkətinin texnologiyalarından istifadə olunub.
“Mən heç vaxt səsimin klonlanmasına və ya surətinin çıxarılmasına icazə vermərəm. Biz süni intellekt vokalından yox, süni intellekt aranjimanından istifadə etdik. Mahnıdakı bütün nida və sözlər mənə aiddir”, – deyə sənətçi vurğulayıb.
Müğənni bildirib ki, süni intellektə müraciət etməsinin əsas məqsədi yaradıcılıqda yeni ifadə formaları axtarmaq olub.
Dip-haus janrında təqdim olunan kompozisiyanın adı Minnellinin yaxın zamanda nəşr olunacaq memuar kitabının adı ilə üst-üstə düşür.
Bizimyol.info






