ABŞ Prezidenti Donald Trampın İranla nüvə danışıqlarının müddətinin uzadılmasına müsbət yanaşdığı bildirilir. Məlumata görə, Vaşinqton diplomatik həll variantını qorumağa çalışır və eyni zamanda mümkün hərbi ssenariləri də müzakirə edir. ABŞ və İran arasında gərginliyin idarə olunması üçün xüsusi əlaqə kanalının fəaliyyət göstərdiyi də qeyd olunur.
- Danışıqların uzadılması ABŞ və İran arasında diplomatik həll ehtimalını gücləndirə, yoxsa tərəflər arasında qeyri-müəyyənliyi daha da artıra bilər?
Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində ABŞ–İran nüvə danışıqlarının müddətinin uzadılması diplomatik həll üçün imkan yaratsa da, bu, avtomatik olaraq razılaşma demək deyil.
Müddətin uzadılması ilk növbədə tərəflərin masanı tam tərk etmədiyini göstərir. Bu, xüsusilə gərginlik fonunda müsbət siqnaldır, çünki Vaşinqton hərbi təzyiqi saxlayaraq diplomatik qapını da açıq tutur. Lakin prosesin uzanması eyni zamanda risk daşıyır. Konkret nəticə əldə olunmasa, qarşılıqlı etimadsızlıq daha da dərinləşə bilər. Belə halda danışıqlar "vaxt qazanma aləti" kimi qəbul edilə bilər və bu da qeyri-müəyyənliyi artırar.
Siyasi baxımdan burada əsas məsələ tərəflərin strateji niyyətidir. Əgər uzadılma kompromis hazırlamaq üçün istifadə olunursa, bu, razılaşma ehtimalını yüksəldir. Əgər tərəflər sadəcə mövqelərini sərtləşdirmək üçün vaxt qazanırlarsa, onda gərginliyin artması daha real ssenaridir. Hansı ki, bu situasiya ən real görünəndir.
Politoloq vurğulayıb ki, İranın birbaşa danışıqlardan imtina etməsi isə regional diplomatiyanı daha mürəkkəb mərhələyə keçirə bilər. Birbaşa dialoqun olmaması vasitəçilərin, məsələn, Oman, Qətər və ya digər regional aktorların rolunu artırır. Amma vasitəçi diplomatiya adətən daha yavaş işləyir və mesajların yanlış interpretasiya olunması riskini artırır. Bu isə böhran idarəçiliyini daha da çətinləşdirir.
"Bu vəziyyətdə bölgə üçün ən böyük risk ondan ibarətdir ki, birbaşa ünsiyyət kanalları zəiflədikcə hər hansı hərbi insident sürətlə genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Xüsusilə Fars körfəzi və Hörmüz boğazı kimi strateji ərazilərdə gərginlik qlobal enerji təhlükəsizliyinə də təsir edə bilər.
Danışıqların uzadılması qısa müddətdə müsbət diplomatik siqnal sayılsa da, uzun müddətdə nəticəsiz qalarsa, qeyri-müəyyənliyi artıracaq. İranın birbaşa danışıqlardan imtinası isə diplomatik həlli mümkünsüz etmir, lakin prosesi daha ləng, daha həssas və daha riskli edir. Bu mərhələdə həm ABŞ, həm də İran üçün əsas məsələ qarşıdurmanı idarə olunan çərçivədə saxlamaqdır. Bu cür taym-autlar ümumilikdə bütün regionu iqtisadi tətikdə saxlayır", – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






