Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, palma yağı düşünüldüyü qədər təhlükəli məhsul deyil. O bildirib ki, ölkəyə idxal olunan yağların keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, saxtalaşdırma hallarının aşkar edilməsi də diqqət mərkəzindədir.
“Palma yağı iki ölkədə - Malayziya və İndoneziyada istehsal olunur. Azərbaycanda isə bu məhsul İndoneziya, Malayziya, Rusiya, Ukrayna və Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən idxal olunur”.
Qurum sədrinin sözlərinə görə, cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb:
“İnsanlar düşünür ki, bu yağı digər bitki yağarı ilə müqayisədə çox təhlükəlidir. Lakin palma yağı da digər bitki yağları kimi insan orqanizmi üçün yararlıdır.
Palma yağı əsasən palma meyvəsinin lətli hissəsindən və çəyirdəyindən əldə olunur. Onun digər bitki yağlarından üstün cəhəti odur ki, qənnadı məhsullarının istehsalında tələb olunan qatılığı təbii şəkildə təmin edir. Palma yağı təbii olaraq qatı yağ olduğuna görə əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır”, – deyə AQTA sədri Qoşqar Təhməzli bildirib.
- Əcəba, palma yağı ilə bağlı illərlə formalaşan “zərərli” fikirlər niyə yaranıb?
- Palma yağının tərkibi nədən ibarətdir? Keyfiyyətinə necə nəzarət edilir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan qida eksperti Fərid Səfərov bildirib ki, digər yağlar da xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər: “Palma yağı ətrafında çox müzakirələr aparılsa da, onu nə tamamilə "zəhər", nə də digər bitki yağlarından tam üstün hesab etmək düzgün deyil. Palma yağının təsiri onun hansı növdə olmasından, necə emal edilməsindən və nə qədər istehlak olunmasından asılıdır.
Palma yağı doymuş yağ turşuları ilə digər bitki yağlarının əksəriyyətindən daha zəngindir. Həddindən artıq qəbul edildikdə qanda LDL ("pis") xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Lakin bu risk yalnız palma yağına məxsus deyil. Kərə yağı, quyruq yağı və digər doymuş yağlarla zəngin məhsullar da həddindən artıq istifadə olunduqda oxşar təsirlər göstərə bilər”.
Qida ekspertinin sözlərinə görə, keyfiyyətli və standartlara uyğun istehsal olunmuş palma yağı E vitamini və bəzi antioksidant maddələr də ehtiva edir.
“Əsas problem onun xüsusilə hazır qidalarda, şirniyyatlarda, peçenye və “fast-food” məhsullarında çox istifadə olunmasıdır. Belə qidaların tez-tez istehlakı ümumi doymuş yağ qəbulunu artıraraq sağlamlığa mənfi təsir göstərə bilər”, – deyə o bildirib.
Fərid Səfərov əlavə edib: “Düzgün yanaşma palma yağını tamamilə qadağan etmək deyil, ümumi qidalanmada doymuş yağların miqdarını nəzarətdə saxlamaqdır. Gündəlik rasionda zeytun, günəbaxan və ya kanola kimi doymamış yağlarla zəngin bitki yağlarına üstünlük vermək, palma yağı olan emal olunmuş məhsulları isə normada istehlak etmək daha sağlam seçim hesab olunur. Ən vacib məsələ tək bir yağ deyil, ümumi qidalanma vərdişləridir”.
Günel Həsənova, Bizimyol.info






