Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Sülh Şurasına dəvəti niyə qəbul edib?
Azərbaycan Sülh Şurasına dəvəti niyə qəbul edib?

Məlum olduğu kimi, ötən ilin sentyabrında ABŞ Prezidenti Donald Tramp dünyadakı münaqişələrin həlli ilə bağlı Sülh Şurası yaradılması təşəbbüsü ilə çıxış edib. Noyabrda isə BMT Təhlükəsizlik Şurasında bu məsələ üzrə ABŞ-ın təqdim etdiyi layihə əsasında qətnamə qəbul olunub.

Prezident Tramp ümumilikdə 60 ölkəyə belə dəvət göndərib. Onların arasında qlobal problemlərə münasibətdə ABŞ-la kəskin fikir ayrılıqları olan Rusiya, Çin, Hindistan da var. Bu ölkələr hələ dəvətə cavab verməyiblər. Ancaq Fransa, Böyük Britaniya, Norveç kimi ölkələr Sülh Şurasına üzvlükdən açıq şəkildə imtina edib.

Şuranın nizamnaməsinə görə, 3 illik müvəqqəti üzvlük nəzərdə tutulur. Müvəqqəti üzvlərdən heç bir ödəniş tələb olunmayacaq, ancaq daimi üzv olmaq istəyən ölkə Sülh Şurasına 1 milyard ABŞ dolları ödəməlidir. Prezident Tramp deyib ki, toplanan vəsaitlər Qəzzanın bərpasına sərf olunacaq.

Azərbaycanla yanaşı Ermənistan da Sülh Şurasına təsisçi üzv kimi daxil olmaq niyyətini ifadə edib. Prezident Tramp Şuranın geniş səlahiyyətlərlə sədri olmağı qərarlaşdırıb. Şuranın əsas məqsədi kimi dünyada müharibələrin dayandırılması, münaqişələrin həll olunması göstərilib.

Prezident Trampın təşəbbüsü BMT-nin artıq bir mexanizm olaraq işləmədiyi ilə əsaslandırılır. Fakyik olaraq, ABŞ-ın birbaşa və təkbaşına rəhbərliyi ilə yeni - alternativ "BMT" yaradılır. Çin, Rusiya, Hindistan, eləcə də, Avropa İttifaqının lokomotivi olan Fransa, Almaniya, həmçinin Böyük Britaniya bu dəvəti qəbul etsələr, Sülh Şurasına üzv olsalar, ABŞ-ın, konkret olaraq Donald Trampın rəhbərliyi altında birqütblü dünya modelinə razılıq vermiş olacaqlar. Bu da real görünmür. Ona görə də bu ölkələrin çoxu dəvətə hələlik cacab verməyiblər.

Azərbaycan isə öz müstəqil siyasi xəttini aparır: ABŞ-la münasibətləri bərpa edir, hətta bunu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa çalışır. Bu istiqamətdə hər iki tərəfdə intensiv iş gedir. Həmin məsələlər bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibi Marko Rubio arasındakı telefon danışığında da müzakirə olunub.

Azərbaycan ABŞ-ın Cənubi Qafqazda sülhə və tərəfdaşlığa yönəlmiş təşəbbüsünü və dəstəyini yüksək qiymətləndirir. 8 avqust Vaşinqton razılaşmaları - Azərbaycanla Ermənistan arasında Prezident Trampın iştirakı ilə imzalanmış sülh sənədi, eləcə də, ABŞ-Azərbaycan strateji tərəfdşlığına dair işçi qrupunun yaradılması və "Zəngəzur dəhlizi" (Sülh və Rifah Naminı Tramp yolu) haqqında ABŞ-la Ermənistan arasında imzalanmış saziş Azərbaycanın milli maraqlarına cavab verir. Buna görə də rəsmi Bakı ABŞ Prezidentinin sədrliyi ilə yaradılacaq Sülh Şurasında iştitakın Azərbaycanın milli maraqlarına cavab verdiyini düşünür. Bu formatda təsisçi dövlət kimi iştirak etməklə Azərbaycan dünyada və ən əsası öz bölgəsində sülhə və sabitliyə töhvə vermək iradəsi və milli maraq göstərmiş oldu.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »