Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Slm", "cnm", "ncsn"... Mesajlaşma dili, "manqurt" təfəkkürünün "əsər"i
"Slm", "cnm", "ncsn"... Mesajlaşma dili, "manqurt" təfəkkürünün "əsər"i

Müasir dövrdə dilə münasibət təkcə ünsiyyət forması deyil, düşüncə tərzinin, yaddaşın və mədəni səviyyənin aynasına çevrilib. Yazıçı Kəramət Böyükçölün toxunduğu mövzu da məhz bu nöqtədə cəmiyyət üçün ciddi bir xəbərdarlıq xarakteri daşıyır. O, gündəlik yazışmalarda orfoqrafik qaydalara əməl etməyin sevgi, hörmət və məsuliyyət göstəricisi olduğunu deyərkən, əslində daha dərin bir problemi dilə gətirir.

İllər keçdikcə təkcə oxumağa yox, dinləməyə və izləməyə də səbrimizin azaldığını görürük. Bir zamanlar saatlarla kitab oxuyan, uzun-uzadı söhbətlərə qulaq asan insan indi bir dəqiqəlik videodan artıq şeyə dözə bilmir. Cümlələr yarımçıq qalır, fikirlər tamamlanmır, sözlər ixtisar edilir. Yazıçının da qeyd etdiyi kimi “Təşəkkür edirəm” demək əvəzinə “tşk”, “salam” yerinə “slm”, “necəsən” yerinə “ncsn” yazmaq artıq adi hala çevrilib. Bu ixtisarlar təkcə vaxta qənaət deyil, dilə və düşüncəyə qarşı laqeydliyin göstəricisidir.

Xüsusilə gənclər arasında mesajlaşmada “ş” hərfinin yerinə “w” istifadə olunması ciddi narahatlıq doğurur. “Ş” kimi dilimizin əsas səslərindən birinin bilərəkdən kənarlaşdırılması, onu yad bir işarə ilə əvəzləmək sadəcə texniki rahatlıq deyil. Bu, ana dilinə yadlaşmanın, onu ikinci plana atmağın bariz nümunəsidir. Dilin hər bir hərfi tarixdir, yaddaşdır, mədəniyyətdir. Bir hərfi belə itirdikdə, əslində bir parça kimliyimizi itiririk.

Texnologiyanın həyatımıza bu qədər sürətlə daxil olması qələmi də, kağızı da kənara sıxışdırıb. Artıq çoxumuz qələmlə yazı yazmağa çətinlik çəkirik. Kompüter və telefonla yazmağa öyrəşdikcə hərflərin düzgün yazılışını, sözlərin formasını, cümlənin ahəngini unutmağa başlamışıq. Əl yazısı təkcə yazı növü deyil, insanın düşüncəsinin, daxili dünyasının izidir. Onu itirdikcə yaddaş da zəifləyir, fikirlər səthiləşir.

Kəramət Böyükçölün dediyi kimi, "dil təfəkkür hadisəsidir". Hansı dildə danışırıqsa, hansı formada yazırıqsa, elə də düşünürük. “Slm, cnm, ncsn” dili ilə formalaşan düşüncə də etibarsız, dayaz və köksüz olur. Belə bir düşüncə nə keçmişi daşıya bilir, nə də gələcək qura bilir.

Bu gün dilə biganə yanaşmaq, onu oyuncağa çevirmək sabah yaddaşsız, kimliksiz bir nəsil deməkdir. Dilimizi qorumaq pafoslu şüarlar yox, gündəlik məsuliyyət tələb edir. Düzgün yazmaq, düzgün danışmaq, hərflərə sahib çıxmaq bunlar sadə, amma həyati əhəmiyyətli addımlardır. Çünki dilə göstərilən hörmət, əslində insanın özünə və cəmiyyətinə göstərdiyi hörmətdir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »