Su, təkcə həyat mənbəyi deyil, həm də təmizlik rəmzidir. Qədim zamanlarda su bu gün olduğu kimi evlərə qədər gəlib çatmırdı. İnsanlar sudan istifadə etmək üçün çaylar, bulaqlardan evlərə səhənglərlə su daşıyırdılar. Səhəng əsrlər boyu Azərbaycan evlərinin ayrılmaz bir əşyası olub.
Səhəng əsasən gildən hazırlanan, ağzı dar, gövdəsi geniş su qabıdır. Səhəng gildən hazırlandığı üçün səhəngdə saxlanılan su yay aylarında belə sərin qalırdı.
Qədim Azərbaycan evlərində səhənglər adətən evin sərin küncündə, zirzəmidə və ya xüsusi rəfdə saxlanılırdı. O dövlərdə səhənglər təkcə gündəlik istifadə üçün deyil, həm də bəzək məqsədilə hazırlanırdı.
Dulusçuluğun inkişaf etdiyi bölgələrdə səhənglərin üzəri naxışlarla bəzədilirdi. Zaman keçdikdə dəmirdən, misdən və digər materiallardan da səhənglər hazırlanmağa başladı.
Azərbaycanın bəzi bölgələrində su ilə bağlı inanclar səhəngə də sirayət edirdi. Məsələn; bəzi bölgələrdə sənhəngin ağzını bağlayardılar ki, suya “göz dəyməsin”. Bəzi bölgələrdə isə yeni evə köçərkən öncə evə su dolu səhəng aparılardı ki, həmin evdən xoşbəxtlik əskik olmasın.
Günümüzdə artıq səhəngdən istifadə edilmir. Bu gün səhəng daha çox muzeylərdə, etnoqrafik guşələrdə və ya qədim evlərin bir küncündə xatirə kimi qorunur.
Səhəng təkcə keçmişin əşyası deyil, həm də Azərbaycan xalqının təbiətlə harmoniyada yaşamasının düşünülmüş məişət mədəniyyətinin göstəricisidir.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində müxtəlif səhənglər, su qabları nümayiş etdirilir.
İradə Cəlil, Bizimyol.info






