Bu ilin mayından həbsdə olan müğənni Dəniz Əsədovanın cəzasının ağırlaşdırılması üçün vəkil Cavidan Osmanlı ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Vəkil iddia edir ki, müğənni həbs olunmamışdan əvvəl “Instagram” hesabında onu təhqir edib, böhtan atıb.
Bizimyol.info xəbər verir ki, Cavidan Osmanlı məhkəməyə ərizəsində müğənninin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. O, qeyd edib ki, heç vaxt Dəniz Əsədovanın vəkili olmayıb, aralarında hüquqi müdafiə ilə bağlı bir müqavilə bağlanmayıb, ondan pul almayıb. Ümumiyyətlə, demək olar, ünsiyyətləri olmayıb. Lakin Dəniz Əsədova özünün keçmiş vəkilləri haqqında paylaşımında onun da adını çəkib.
“Bəs bu demirdi ki, Cavidan dələduzdur? Camaatdan pul alır, məhkəmələrə çıxmır? Allah amansan, kişinin neçə üzü olarmış... Hətta deyirdi ki, ofisdən qovmuşam. Həəə, indi bildim, bunun Cavidana işi düşüb...”, - Dəniz Əsədova “Instagram” hesabında yazıb.
Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Dəniz Əsədova bildirib ki, ittihamı qəbul etmir.
Müğənninin vəkili bildirib ki, müvəkkilinin Cavidan Osmanlı ilə heç bir problemi yoxdur, onu nə təhqir edib, nə də böhtan atıb. Vəkilin sözlərinə görə, Dəniz Əsədovanın xüsusi ittihamçı haqqında belə fikirlər paylaşması haqda heç bir sübut-dəlil də yoxdur: “Onunla Cavidan Osmanlı arasında heç bir problem olmayıb. Belə olan halda, bu adamı niyə təhqir etməlidir, ona hansı səbəbdən böhtan atmalıdır? Görünür ki, kimsə Dəniz Əsədovanın adından saxta profil yaradaraq, bu cür paylaşımlar edib. Ona görə də əvvəlcə həmin “Instagram” səhifəsinin Dəniz Əsədovaya məxsus olub-olmaması sübut olunmalıdır”.
Məhkəmə araşdırmalardan sonra Dəniz Əsədovanın bu işdə təqsirsiz olduğu qənaətinə gəlib və ona bəraət verilib.
Cavidan Osmanlının vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb. Buna səbəb isə onun özünün barəsində cinayət işi başlanmasıdır. Məlumata görə, onun barəsində Pirallahı Rayon Polis İdarəsinə şikayət olunub. Şikayətçilər bildirib ki, Cavidan Osmanlı 10 nəfərə yaxın şəxsə işə bərpa ilə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini vəd edib. Bunun üçün onlardan xeyli pul alıb. Lakin vədinə əməl etməyib.
Dəniz Əsədova son dövrlərdə bir neçə dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilərək, cəzalandırılıb. Ona əvvəl 4 ay, sonra 7, axırda da yekun olaraq, ümumilikdə 8 ay azadlıqdan məhrumetmə cəzası verilib. O, mayın 15-dən həbsdədir.
Müğənniyə qarşı şikayətçi olanlar arasında bəstəkar Cabbar Musayev, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və digərləri olub.
Qeyd edək ki, Dəniz Əsədovanın əvvəlki ad-soyadı Aygün Dostəliyeva olub.
Onun himayəsində azyaşlı uşaqları var. Həmçinin xəstəxanadan alınan ambulator kitabçadan çıxarışlardan görünür ki, başında hər iki beyin yarımkürəsində periventrikulyar periatrial nahiyədə, semioval sahələrdə 6 mm. ölçüdə bir neçə ocaq aşkar edilib.
Aytən, Bizimyol.info






