Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 mindən çox aliment borcuna görə həbs: “Uşaqlarımla görüşməyə icazə vermirdi”
17 mindən çox aliment borcuna görə həbs: “Uşaqlarımla görüşməyə icazə vermirdi”

Azərbaycanda məhkəmə qərarlarının icrasından yayındığına görə həbs olunanların böyük əksəriyyəti aliment borcunu ödəməyənlərdir. Hazırda həbs yerlərində aliment borcuna görə cəza çəkən onlarla insan var.

Bizimyol.info xəbər verir ki, aliment borcuna görə daha bir nəfər bir neçə gün əvvəl Balakəndə həbs olunub. 1990-cı il təvəllüdlü Ruslan Qardaşovun 17400 manat aliment borcu yığılıb.

Aliment borcu ilə əlaqədar o, əvvəl inzibati qaydada məsuliyyətə cəlb olunub. Bir il əvvəl – 2024-cü ilin noyabrında Balakən Rayon Məhkəməsinin qərarı ilə ona İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə və digər orqanların qərarlarının icrasının üzrsüz səbəbdən yerinə yetirilməməsi) maddəsi əsasında 12 sutka həbs cəzası verilib.

Daha sonra o, keçmiş həyat yoldaşına iki uşağa görə aliment borcundan 2600 manat ödəyib. Qalan məbləği isə bir neçə ay ərzində ödəmədiyinə görə icra məmurları onun haqqında cinayət işi başlanması üçün materialları Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərib. Orada cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 306.1 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını qərəzli olaraq, icra etməmə və ya icrasına maneçilik törətmə) maddəsilə ittiham irəli sürülüb.

O, ifadəsində bildirib ki, keçmiş həyat yoldaşı ilə 2013-cü ildə rəsmi şəkildə evləniblər. 2015 və 2018-ci illərdə iki oğulları dünyaya gəlib. Ailə qurandan sonra Rusiyanın Sverdlovsk vilayətində yaşayıblar. O, 2018-ci ildə yaşadıqları Balakən rayonuna valideynlərinin yanına qayıtsa da, həyat yoldaşı gəlməyib. 2019-cu ilin sonunda həyat yoldaşı boşanma və aliment tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə onların boşanması barədə qərar çıxarıb və 260 manat da aliment kəsib.

Təqsirləndirilən şəxs 17400 manat aliment borcunun yığılmasının səbəblərini belə izah edib: “Aliment borcumu bu vaxta qədər ödəməməyimə onun iki uşağımla mənim görüşümə icazə verməməsi səbəb olub. 7 ilə yaxın müddətdə mən uşaqlarımı görə bilməmişəm. İki ay olar ki, o, uşaqları Balakənə gətirib. Mən alimentə görə borclu olduğum məbləği hissə-hissə olmaqla ödəməyə hazıram”.

Məhkəmə R.Qardaşovun Cinayət Məcəlləsinin 306.1 maddəsilə təqsirli bilinib, 1 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, məhkəmə zalında həbs olunub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »