Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli: "Birinci addım pensiyanın artırılması, ikinci adddım təqaüd yaşının azaldılması olmalıdır"
Natiq Cəfərli: "Birinci addım pensiyanın artırılması, ikinci adddım təqaüd yaşının azaldılması olmalıdır"

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

Son vaxtlar mətbuatda Almaniya federal hökumətinin elmi məşvərət şurası demoqrafik meylləri nəzərə alaraq pensiya yaşının mərhələli şəkildə 73-ə çatdırılmasını təklif edib. Bu beynəlxalq miqyasda müzakirələrə səbəb olub. Bu barədə “Bild” nəşri məlumat yayıb. Alman iqtisadçılarının daxil olduğu elmi məsləhət qrupu öz hesabatında pensiya sistemində təcili islahatların aparılmasını tələb edib.

Bəs Azərbaycanda pensiya yaşı niyə yüksəkdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda pensiya Avropa ilə müqayisə olunmayacaq dərəcədə aşağıdır.

Natiq Cəfərli Natiq Cəfərli

“Azərbaycanda pensiya yaşının müzakirəsi həddindən artıq çox aparılır. Məsələn; sizin dediyiniz misalda olduğu kimi Almaniyada bu məsələ niyə aktualdır? Çünki orda pensiya yüksəkdir.

Əslində pensiya yaşından əvvəl birinci növbədə, birinci həll etməli olduğumuz məsələ təqaüdlərin həcminin artırılması olmalıdır. Bizim ilk addımımız bu olmalıdır ki, təqaüdlər daha yüksək olsun. Azərbaycanda təqaüdlər çox aşağıdır. Yəni Avropa ilə ümumiyyətlə müqayisə olunmayacaq dərəcədə aşağıdır. Məsələn; Almaniyada orta təqaüd 2000-2200 avrodur, Azərbaycan manatı ilə bu 4000-4500 manat edir. Bizim təqaüdçülərin heç xəyalında da belə məbləğlər yoxdur. Ona görə birinci addım pensiyanın artırılması, ikinci adddım təqaüd yaşının azaldılması olmalıdır. Yəni bizdə bu məsələ tərsinə müzakirə olunur. Əvvəl hamı təqaüd yaşının azadılmasından danışır. Təbii ki, bu da vacib məsələdir, ancaq ikinci məsələdir. Əsas məsələ, təqaüdün həcminin az olmasıdır”,- deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »