Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ADRA-dan cavab: "Reklam qurğularının estetik görünüşə zərər vurduğu müəyyənləşdirildikdən sonra sökülüb"
ADRA-dan cavab: "Reklam qurğularının estetik görünüşə zərər vurduğu müəyyənləşdirildikdən sonra sökülüb"

Ötən gün sosial şəbəkələrdə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb. Videogörüntüdə onlar arasında əlbəyaxa dava düşüb. Məlumata görə hadisəyə səbəb agentlik əməkdaşlarının ticarət mərkəzində yerləşən qanunsuz reklam lövhələrini sökmək istəməsi olub.

Məsələ ilə bağlı “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, onlar heç kimdən icazə almadan ticarət mərkəzi daxilində olan reklam lövhələrini söküb dağıdıblar.

Qeyd edək ki, reklam haqqında qanuna görə, adətən müxtəlif şirkətlərin, firmaların reklam lövhələri açıq məkanlarda yerləşdirilir.

Kəmaləddin Qədim vurğulayıb ki, ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşir: “Ticarət mərkəzinin daxilində əsas korpuslara olan girişləri göstərən lövhələr vardır ki, o lövhələrdə korpuslara girişi və orda nələr satıldığı istiqaməti göstərir. Ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kənar istehsalçının burda koordinat göstərən yazısı yoxdur. Amma buna baxmayaraq, bütün bu qanunları pozaraq Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları bizim mühafizə xidmətinin əmakdaşları ilə qarşıdurmaya gediblər”.

ADRA-nın "Sədərək"dəki söküntü ilə bağlı icazəsi var idimi? Ümumiyyətlə, ADRA-nın icazəyə ehtiyacı varmı?

Məsələ ilə bağlı yaranan suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Reklam Agentliyinə sorğu ünvanladıq. Qurum Bizimyol.info portalının sorğusuna cavab olaraq “Reklam haqqında” Qanun və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğunu yoxladığını belə izah edir: “Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən “Reklam haqqında” Qanun və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayır. Yoxlama zamanı pozuntular aşkar edildikdə akt tərtib edilir və reklam yayıcısına 5 gün ərzində aradan qaldırılması üçün icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Pozuntular aradan qaldırılmadıqda və ya yayım dərhal dayandırılmadıqda, müvafiq qurum reklamın icazəsini ləğv edə, yayımın dayandırılması və reklamın sökülməsi (demontajı) daxil olmaqla zəruri tədbirlər görə bilər”.

Qurum rəsmisi bildirib ki, monitorinqləri mərhələli şəkildə müxtəlif yerlərdə apararaq qanunsuzluq aşkar edərək müvafiq tədbirlər görülür: “Biz dövlət qurumuyuq. Bizim işimiz odur. Bizim qurum prezident tərəfindən yaradılan agentlikdir. Bu bizim vəzifə borcumuzdur ki, monitorinqlər aparaq, əgər qanunsuz hallar aşkar edilərsə, bununla bağlı müvafiq tədbirlər görək. Əslində bu bizim işimizdir. Biz bundan ötrü heç kimdən icazə almırıq. Biz monitorinqi aparırıq. Dövlət qurumu olaraq qərar veririk. Həmin reklam qurğusu təhlükəsiz istismara yararlıdır, ya yox. Burda qanunun tələbləri pozulub, ya yox. Buna uyğun addımlar atılır. Sədərəkdə baş verənlər də eyni cür olub. Biz monitorinqləri mərhələli şəkildə müxtəlif yerlərdə aparırıq. Bu dəfə "Sədərək"də aparmışıq. Orda qurğuların təhlükəsiz istismarı və estetik görünüşə zərər vurduğu müəyyənləşib. Bununla bağlı da həmin reklam lövhələri sökülüb”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »