Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən sensasion açıqlama: "Altıncı hiss" psixi sağlamlığın açarı ola bilər
Alimlərdən sensasion açıqlama: "Altıncı hiss" psixi sağlamlığın açarı ola bilər

Alimlər getdikcə daha çox interosepsiyanı – orqanizmin daxili siqnallarını qəbul və şərh etmək qabiliyyətini – insanın özünəməxsus "altıncı hissi" adlandırırlar. Bu qabiliyyət ürək döyüntüsünü, nəfəs almanı, aclıq və susuzluğu, bədən temperaturunu, eləcə də orqanizmdə fasiləsiz baş verən digər prosesləri hiss etməyə imkan verir.

Bizimyol.info xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, interosepsiya təkcə orqanizmin fizioloji tarazlığını qorumaq üçün deyil, həm də psixi sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Orqanizmin daxili siqnallarını düzgün tanıya bilməmək təşviş və depressiya pozuntuları, posttravmatik stress pozuntusu, eləcə də qidalanma davranışı pozuntularının yaranma riskinin artması ilə əlaqələndirilir.

London Royal Holloway Universiteti və London Universitet Kollecinin mütəxəssislərinin 93 elmi araşdırmanı təhlil etməsi göstərib ki, interoseptiv həssaslığın dəqiqliyi kişilər və qadınlar arasında fərqlənə bilər.

Tədqiqatın nəticələri görə, qadınlarda daxili siqnalların qəbulunun nisbətən zəif olması təşviş və depressiya hallarının daha geniş yayılmasını qismən izah edə bilər. Bununla belə, bu əlaqənin daha ətraflı araşdırılmasına ehtiyac var.

Başqa bir araşdırma isə göstərib ki, interosepsiyası daha inkişaf etmiş insanlar aclıq hissi zamanı belə emosional sabitliyi daha asan qoruyurlar. Tədqiqat müəlliflərinin sözlərinə görə, orqanizmin siqnallarını daha dəqiq qəbul edən iştirakçılar əhval-ruhiyyədə daha az dəyişiklik yaşayırlar.

Alimlər sinir anoreksiyasından əziyyət çəkən xəstələr üzərində aparılan araşdırmalar zamanı da mühüm nəticələr əldə ediblər. Kaliforniya Universitetinin (Los-Anceles) tədqiqatçıları müəyyən ediblər ki, bu xəstəlikdən əziyyət çəkən insanlar aclıq siqnallarını fərqli şəkildə emal edirlər. Bunu yoxlamaq üçün iştirakçılar araşdırma zamanı xüsusi titrəyən kapsul udublar. Nəticələr göstərib ki, daxili hisslərin qavranılmasındakı pozuntular bədən çəkisi bərpa olunduqdan sonra da davam edir.

Bununla belə, bütün mütəxəssislər interosepsiyanı ayrıca "altıncı hiss" kimi qəbul etmirlər. 2024-cü ildə bir qrup alim bu anlayışın çoxsaylı müxtəlif prosesləri əhatə etdiyini və onların hər birinin ayrıca öyrənilməsinin vacib olduğunu bildirib.

Elmi müzakirələr davam etsə də, mütəxəssislər hesab edirlər ki, interosepsiyanın mexanizmlərinin daha dərindən öyrənilməsi psixi pozuntuların diaqnostikası və müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »