İranla bağlı hərbi qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdəki münaqişənin Donald Trampın ikinci prezidentlik müddətinə ciddi zərbə vurması ehtimalını artırır.
Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetində dərc olunan məqalədə bildirilir.
Respublikaçı siyasi strateq Ron Bonjan nəşrə açıqlamasında: “Görünür, Tramp İran məsələsində imkanlarının son həddinə çatıb”, deyib. Onun sözlərinə görə, vəziyyətin həll olunması aylar, hətta illər çəkə bilər.
Məqalədə qeyd olunur ki, ABŞ liderinin münaqişənin dərinləşdiyi bir şəraitdə iqtisadi, siyasi və diplomatik itkiləri necə məhdudlaşdıracağı hələ də aydın deyil.
Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin müdafiə strategiyası üzrə eksperti Bekka Vasser hesab edir ki, “gərginliyi artıraraq sonradan azaltmaq” yanaşması keçmişdə böyük uğur gətirməyib. Onun sözlərinə görə, İrana qarşı uzunmüddətli iqtisadi təzyiq siyasəti davam etsə də, indiyədək real nəticə verməyib.
ABŞ Müdafiə Nazirliyinin Körfəz və Ərəbistan yarımadası üzrə keçmiş direktoru Elizabet Dent bildirib ki, “hazırda bütün münaqişə diqqəti əvvəlcə müharibəyə səbəb olan məsələlərdən — İranın nüvə proqramı, ballistik və qanadlı raket proqramlarından — daha çox Hörmüz boğazına yönəldib”.
Məqalədə vurğulanır ki, İranla qarşıdurmanın uzanması Tramp administrasiyası üçün həm xarici siyasət, həm də daxili siyasi baxımdan ciddi sınağa çevrilə bilər.
Bizimyol.info






