Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müəllim gənc nəsli vətənpərvərlik, milli-mənəvi dəyərlər, dövlət və xalqa sədaqət ruhunda yetişdirən şəxsiyyətdir"
"Müəllim gənc nəsli vətənpərvərlik, milli-mənəvi dəyərlər, dövlət və xalqa sədaqət ruhunda yetişdirən şəxsiyyətdir"

Heydər Əliyev: “Azərbaycan müəllimləri tarix boyu xalqımızın maariflənməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərmişlər”. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü dünyada olduğu kimi, Azərbaycanda da xüsusi ehtiramla qeyd olunur. Bu gün sadəcə təqvimdə bir bayram günü deyil, həm də cəmiyyətin tərəqqisinə xidmət edən, gənc nəsilləri formalaşdıran, milli kimliyimizi qoruyan müəllimlərin əməyinə verilən dəyərin simvoludur. Biz hər zaman müəllimlərə ülvi, müqəddəs varlıq kimi baxmışıq. Müəllim öyrədən olub, müəllimdən təkcə dərs deyil, həyat dərsi öyrənmişik. Hər zaman müəllimlərə hörmət etmişik. O qədər hörmət etmişik ki, hətta onlara ayrıca gün də ayırmışıq.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında 5 oktyabr müəllimlər gününün əhəmiyyətindən danışıb. Politoloq qeyd edib ki, Heydər Əliyev hər zaman müəllim peşəsini ən ali və müqəddəs peşə adlandırmışdı.

Nicat İsmayılov Nicat İsmayılov

“Heydər Əliyevin siyasi fəaliyyətində təhsil sahəsinə diqqət strateji istiqamət kimi müəyyənləşdirilmiş, müəllimlərə xüsusi qayğı dövlət siyasətinin əsas sütunlarından biri olmuşdu. Heydər Əliyevin tez-tez səsləndirdiyi “Müəllim xalqın gələcəyini yaradan insandır” fikri bu peşəyə verilən yüksək dəyərin ən parlaq ifadəsidir.

Sovet dövründən başlayaraq, müstəqillik illərinə qədər Ulu Öndər daim müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların nüfuzunun cəmiyyətdə yüksəldilməsinə böyük önəm vermişdir. Onun təşəbbüsləri ilə qəbul olunan qərarlar sayəsində təhsil sistemi modernləşdirilmiş, milli kadrların yetişdirilməsi üçün geniş imkanlar açılmışdır.

Müasir Azərbaycan dövlətinin rəhbəri cənab Prezident İlham Əliyev də Ulu Öndərin müəyyən etdiyi yolun uğurla davamçısıdır. Onun rəhbərliyi ilə son 20 ildə ölkəmizdə təhsil sahəsi sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Ən müasir məktəb binalarının inşası, müəllimlərin əmək haqlarının artırılması, gənc pedaqoqların fəaliyyətə cəlb olunması, “Müəllimlərin diaqnostik qiymətləndirilməsi” mexanizmi, təhsil islahatlarının həyata keçirilməsi dövlətin müəllimə verdiyi yüksək qiymətin bariz nümunəsidir”-deyə politoloq bildirib.

Nicat İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə icra olunan “Regionların sosial-iqtisadi inkişafı proqramı” çərçivəsində yüzlərlə məktəb binasının tikilməsi və ya əsaslı təmiri müəllimlərin daha müasir tədris şəraitində fəaliyyət göstərməsinə şərait yaradıb, həmçinin müəllimlərin nüfuzunun yüksəldilməsi üçün stimullaşdırıcı layihələr, təltiflər və dövlət mükafatları təsis olunub.

“Bu gün ölkəmizdə müəllimlik peşəsi dövlət səviyyəsində yüksək dəyər və hörmətlə qarşılanır. Müəllim sadəcə bilik ötürən şəxs deyil, həm də gənc nəsli vətənpərvərlik, milli-mənəvi dəyərlər, dövlətə və xalqa sədaqət ruhunda yetişdirən şəxsiyyətdir.

44 günlük Vətən müharibəsində qalib Azərbaycan Ordusunun zabit və əsgərlərinin böyük bir qismi məhz müəllimlərin yetişdirdiyi gənc nəsil idi. Bu fakt bir daha sübut edir ki, müəllim xalqın gələcək taleyində həlledici rola malikdir”-deyən politoloq vurğulayıb ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimləri həm dövlətimizin, həm də xalqımızın ən böyük ehtiramına layiqdirlər.

“Ulu Öndər Heydər Əliyevin müəllimlərə bəxş etdiyi dəyər, cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi Azərbaycan təhsilinin parlaq gələcəyinə təminat verir. Müəllimlərimizin fədakarlığı və dövlətin onlara göstərdiyi qayğı sayəsində Azərbaycanın gələcəyi daha işıqlı, daha uğurlu olacaqdır. Sonda işini şərəflə görən, bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər günü ilə əlaqədar təbrik edir, şərəfli peşələrinə daima uğurlar arzu edirəm”- Nicat İsmayılov fikrini yekunlaşdırıb.

P.S. Etiraf edək ki, bu gün müəllim adına layiq olmayan, amma bu peşədə olan bəzi insanlar var. Biz onların "gözqamaşdırıcı" fəaliyyətinin şahidi oluruq. Məktəblərdə rüşvət halları, direktorların müəllimlərlə və şagirdlərlə münasibəti, müəllimlərin şagirdlərlə xoşagəlməz rəftarı bugün müəllim peşəsini gözdən salır.

Oktyabrın 5-i müəllimlər günüdür. Şərəfi, zəhməti ilə çalışan, öz bildiklərini şagirdlərindən əsirgəməyən müəllimlərin günü… Təəssüf ki, bu müəllimlərin də sayı gündən günə azalır. Bu peşəni təkcə qazanc mənbəyi kimi deyil, həm də qürur mənbəyi hesab edən müəllimlərə təbrik düşür…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Son xəbərlər
Bütün xəbərlər »