ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirkin qətlindən sonra siyasi motivli zorakılıq və təqiblərin bütün təhrikçilərini məsuliyyətə cəlb edəcəyinə söz verib. O qeyd edib ki, bunun günahı radikal sol ideologiyanın tərəfdarlarının üzərinə düşür.
Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti bu barədə “Truth Sosial” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
“Mənim administrasiyam bu vəhşiliklərə və digər siyasi motivli zorakılıq aktlarında iştirakı olanların hər birini tapacaq. Zorakılıq və qətllər günbəgün və ildən-ilə razılaşdığınız insanları şeytana çevirməyin faciəvi nəticələridir”, - deyə prezident qeyd edib.
“Radikal solun siyasi zorakılıq aktları həddən artıq çox günahsız insana zərər verib və çoxlu sayda insanın həyatına son qoyub”, – deyə Tramp əlavə edib.
"Qatil onu güllə ilə susdurmağa çalışdı, lakin o, bacarmadı, çünki biz birlikdə onun səsinin, mesajının və irsinin saysız-hesabsız nəsillər üçün yaşayacağını təmin edəcəyik", - deyə ABŞ prezidenti bildirib.
KİV-in məlumatına görə, Kirk çərşənbə günü Yuta ştatının Orem şəhərindəki universitetdə çıxışı zamanı güllələnib. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Bizimyol.info






