"OpenAI" şirkəti yaxın bir ay ərzində "ChatGPT" platformasında valideyn nəzarəti funksiyasını istifadəyə verməyi planlaşdırdığını açıqlayıb. Yeni funksiya valideynlərə öz hesablarını yeniyetmələrin hesabları ilə əlaqələndirməyə, chatbotun müəyyən imkanlarına çıxışı məhdudlaşdırmağa və onun uşaqlarla necə ünsiyyət quracağını tənzimləməyə imkan verəcək.
Bizimyol.ino xəbər verir ki, valideynlər həmçinin yaddaş və söhbət tarixçəsini deaktiv edə, eyni zamanda əgər "ChatGPT" yeniyetmənin "kəskin stress" vəziyyətində olduğunu qeydə alarsa, bu barədə xəbərdarlıq ala biləcəklər.
Valideyn nəzarətinin tətbiqi barədə qərar "OpenAI"ə qarşı qaldırılmış ilk məhkəmə iddiasının fonunda verilib. Həmin iddia yeniyetmənin faciəvi ölümü ilə əlaqələndirilir. Mett və Mariya Reyn adlı valideynlər iddia edirlər ki, "ChatGPT" onların oğlu Adama intihar planları hazırlamaqda kömək edib – konkret təlimatlar və əvvəlki cəhdlərin izlərini gizlətmək üçün məsləhətlər təqdim edib.
"OpenAI" bildirib ki, yeni alət "ChatGPT"nin təhlükəsizliyini artırmağa yönəlmiş daha geniş proqramın bir hissəsidir. Şirkət psixi sağlamlıq, qidalanma pozuntuları və yeniyetmə problemləri sahəsindəki mütəxəssislərlə əməkdaşlıq etdiyini və bu sayədə alqoritmlərin daha dəqiq tənzimlənəcəyini qeyd edib.
Bundan əlavə, həssas mövzularda aparılan söhbətləri xüsusi düşüncə modelləri üzərindən yönləndirəcək "real vaxt marşrutlaşdırıcısı" tətbiq olunacaq.
"OpenAI" qeyd edir ki, onların "qəsdən uyğunlaşdırma" (intentional alignment) adlandırdığı üsulla öyrədilmiş test modelləri təhlükəsizlik qaydalarına daha ardıcıl şəkildə əməl edir və zərərli təkliflərə qarşı daha dayanıqlıdır.
Şirkət həmçinin təhlükəsizlik imkanlarını genişləndirmək üçün 120 günlük bir fəaliyyət planı təqdim edib və bu sahədə işlərin həmin müddətdən sonra da davam etdiriləcəyini bildirib.
Qadir, Bizimyol.info






