Suriyanın Rusiya Federasiyası ilə münasibətlərinə yenidən baxılması barədə qərarı Suriya xalqı verəcək.
Bizimyol.info xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı deyib.
“Rusiya ilə münasibətlərə yenidən baxmaq qərarını Suriya hökuməti xalqı ilə məsləhətləşmələrdən sonra, onların istəyinə uyğun olaraq verəcək. Xalqımızdan yaşıl işıq yandırsa, tədbir görəcəyik”, - deyə o, Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi və ölkələr arasında münasibətlərlə bağlı sualı cavablandırıb.
Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara telefonla Moskvanın Dəməşqin keçmiş hakimiyyət orqanları ilə bağladığı müqavilələrə yenidən baxılması imkanlarını müzakirə ediblər. Suriya prezidentinin keçid dövrü üçün ofisinin bəyanatına görə, telefon danışığı zamanı Əl-Şaraa Rusiya ilə Suriya arasında “güclü strateji münasibətlərə” işarə edib. O, həmçinin təsdiqləyib ki, Suriya “Suriya xalqının maraqlarına cavab verərsə, həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edərsə” əməkdaşlığa açıqdır.
Rusiyanın Suriyada iki hərbi obyekti var - Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartus liman şəhərindəki logistika mərkəzi və Latakiya əyalətinin Cebla şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazası. Tartusdakı baza ikitərəfli razılaşmaya əsasən 1971-ci ildə təşkil edilib. Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu 2015-ci il sentyabrın 30-da “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə Suriya ordusuna dəstək vermək üçün yaradılıb.
Daha əvvəl Rusiya mətbuatı mənbəyə istinadən bildirib ki, Rusiya Suriyanın yeni administrasiyası ilə respublikadakı hərbi bazalarını saxlamaqla bağlı danışıqlar aparır. Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın Latakiya və Tartus əyalətlərindəki hərbi bazalarından istifadə etdiyi müqavilələri yaxın gələcəkdə pozmağı planlaşdırmır.
Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Suriyaya humanitar yardımın çatdırılması üçün Rusiya hərbi bazalarından istifadə etməyi təklif edib.
Qadir, Bizimyol.info






