4 dekabr tarixində paytaxt Bakıda yerləşən Türk Ticarət Mərkəzində UİD Azərbaycan (Beynəlxalq Demokratlar Birliyi) Bölgə Baş Assambleyasının təqdimat mərasimi keçirilib.
Bizimyol.info xəbər verir ki, UİD Azərbaycan (Beynəlxalq Demokratlar Birliyi) Bölgə Baş Assambleyası təqdimat tədbirinin açılışı Rüfət Nadirli tərəfindən başladılıb. Araz Abdullayevin Qur'an-i Kərim tilavətinin ardından 44 günlük Qarabağ müharibəsi və Türk Dünyası şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Cümhuriyyətinin milli marşları səsləndirilib.
Rəsmi çıxışların öncəsində 2004-cü ildən fəaliyyət göstərən UİD-in tarixindən bəhs edən videoçarx təqdim olunub.
UİD Azərbaycanın sabiq Bölgə Başqanı Könül İbrahimova qonaqları salamlayıb və tədbirin ilk rəsmi protokol çıxışını edib: "Hər şey tanıtımdan başlayır. Biz də özümüzü tanımalı, tanıtmalıyıq. Bu gün UİD Azərbaycan Bölgə Başqanlığının təqdimat tədbiri keçirilir. İllərlə müxtəlif istiqamətlərdə uğurlu işlərimiz olub və müqəddəs məqsədlər uğrunda mübarizəmiz davam edəcək".
UİD Azərbaycanın yeni təyin olunan Bölgə Başqanı Cengiz Aygör çıxışına rəsmi protokol və qonaqları salamlayaraq başlayıb və UİD Azərbaycanın fəaliyyətində rol almaqdan qürur duyduğunu vurğulayıb. Başqan Cengiz Aygör Azərbaycan-Türkiyə birlik və bərabərliyi istiqamətində rəsmi qurumlar ictimai birliklər, iş insanları və könül dostları ilə uğurlu işlərə imza atılacağını qeyd edib.
UİD-in sədri Kenan Hasan Aslan növbəti çıxış üçün kürsüyə dəvət olunub. Rəsmi protokolu salamlayan sədr, UİD Azərbaycan Bölgə Başqanlığının bugünə kimi uğurlu fəaliyyətində rol alan bütün nümayəndələrinə təşəkkür edib.
"Yaxın tarixlərdə Macarıstanda səfərdə olarkən cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan cənabları ilə görüşmə fürsətim oldu. Bölgələrdəki nümayəndələrimizə salamlarını və hörmətlərini göndərdi. Sizinlə də bölüşürəm. Fəaliyyətimizlə maraqlanan cümhurbaşqanımız, işimizi uğurla davam etdirməyimiz üzrə öz dəyərli tövsiyələrini və tapşırıqlarını verdi"-deyə Kenan Hasan Aslan bildirib.
"Qərbi Avropadakı problemlərimiz buradakılardan fərqlidir. Burada qismən çətinliklərimiz var. Xüsusilə, "ekran aludəçiliyi" problemi üzrə diqqətli və koordinasiyalı fəaliyyətlə həll yolları tapacağıq. İkinci mövzu, Türkiyədən gələn tələbələrimizlə görüşlərimiz davam etməlidir. İş adamlarımız da burada iş görürlər. Gənc tələbələrimiz də böyüklərindən dəstək alaraq ehtiyaclarını, çətinliklərini həll etməlidir. Azərbaycanda yaşayan soydaşlarımızı sizə əmanət edirəm. UİD mübarizəmizin yeni ocağı olacaq"-deyə Kenan Hasan Aslan çıxışını yekunlaşdırıb.
Çıxışın ardından Könül İbrahimova və Cengiz Aygör tərəfindən Kenan Hasan Aslana xatirə hədiyyəsi təqdim olunub.
Türkiyə Cümhuriyyətinin Bakıdakı fövqəladə səlahiyyətli səfiri Cahit Bağcı növbəti rəsmi çıxış üçün kürsüyə dəvət edilib. UİD Azərbaycan Başqanlığının uğurlu fəaliyyətindən danışan səfir, birlik nümayəndələrinin Azərbaycan və Türkiyə üçün həssas mövzularda xüsusi dəstək göstərdiyini qeyd edib.
"Xarici platformalarda Türk, müsəlman və müxtəlif həssas qruplara qarşı aparılan kampaniyalarla mübarizə çox böyük önəm daşıyır. UİD Azerbaycan da bu qürurlu mübarizənin bir parçası olacaq"-deyə Cahit Bağcı bildirib.
Çıxışın yekununda Könül İbrahimova və Cengiz Aygör tərəfindən səfir Cahit Bağcıya xatirə hədiyyəsi təqdim olunub.
Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirindən misralarla rəsmi protokol çıxışına başlayan AK Partiya Ümumi Başçı Köməkçisi, Xarici Əlaqələr Başçısı, İstanbul Millət vəkili, dünyanın məcburi köçkün və miqrant probleminə diqqət çəkib. Türk dövlətlərində də yaşanan miqrasiya ilə bağlı çətinliklərin olduğunu bildirən deputat, Boraltan körpüsündəki hadisənin acı tarixindən təəssüfləndiyini bildirib və günümüzdə Qarabağ zəfərinin qürurunu daşıdığını vurğulayıb.
AK Partiya Ümumi Başçı Köməkçisi, Xarici Əlaqələr Başçısı, İstanbul Millət vəkili Zafer Sarıkayaya Cengiz Aygör tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
Aparıcı Rüfət Nadirli Türkiyə Cümhuriyyətinin sabiq xarici işlər naziri, AK Partiya Antalya Millət vəkili, Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlunun İkinci Qarabağ müharibəsində "Can Azerbaycan" xitabı ilə yaddaşlarda qaldığını və haqq mübarizəmizə yüksək səviyyədə dəstək verdiyini bildirib. Bu təqdimatın ardınca Mevlüt Çavuşoğlu alqış sədaları altında növbəti çıxış üçün kürsüyə dəvət olunub.
"UİD-nin yanında olacağıq, dəstəyimizi davam etdirəcəyik"-deyən Mevlüt Çavuşoğlu, Azərbaycan-Türkiyə birliyinin gücləndirilməsi istiqamətində görülən işlərin böyük önəm daşıdığını qeyd edib.
Orxan Musabəyli, Bizimyol.info






