Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cümhuriyyət dərsi... "Bir daha enməyəcək dediyiniz bayrağı sizdən alıb Türkiyədə dalğalandırdım"
Cümhuriyyət dərsi... "Bir daha enməyəcək dediyiniz bayrağı sizdən alıb Türkiyədə dalğalandırdım"

Bu gün Türkiyə Cümhuriyyətinin 101 yaşı tamam olur. Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən Cümhuriyyətin elan edilməsi şərəfinə tədbirlər keçirilir.

29 oktyabr 1923-cü ildə Türkiyə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə ən böyük islahatı olan Cümhuriyyətin elanı ilə inqilabların ardınca gedəcəyi tarixi bir dövrə başladı.

Xatırladaq ki, Osmanlı İmperiyası 1876-cı ilə qədər mütləq monarxiya, 1876-1878 və 1908-1918-ci illərdə isə konstitusion monarxiya ilə idarə olunurdu. Birinci Dünya Müharibəsindəki məğlubiyyətdən sonra işğala məruz qalan Anadolu xalqının Mustafa Kamal Paşanın rəhbərliyi ilə işğalçılara qarşı apardığı Milli Mübarizə 1922-ci ilin oktyabrında milli qüvvələrin qələbəsi ilə nəticələndi.

Bu prosesdə 23 aprel 1920-ci ildə Ankarada “Böyük Millət Məclisi” adı altında toplanan xalq nümayəndələri 20 yanvar 1921-ci ildə “Təşkilat-ı Esasiye Qanunu” adlı qanunu qəbul edərək, suverenliyin ona məxsus olduğunu bəyan etdilər. 1 noyabr 1922-ci ildə alınan qərarla sultanlıq ləğv edildi. Artıq ölkəni parlament hökuməti idarə edirdi.

1923-cü il oktyabrın 27-də Nümayəndələr Şurasının istefası və parlamentin etimadını qazanacaq yeni kabinet yaradılmamasından sonra Mustafa Kamal Paşa, İsmət İnönü ilə birlikdə idarə formasını Cümhuriyyətə dəyişdirmək üçün qanun layihəsi hazırladı. 1923-cü il oktyabrın 29-da parlamentə təqdim etdi. Qazi Mustafa Kamal Atatürk ilk dəfə 1919-cu il iyulun 20-də Ərzurumda Cümhuriyyət sözünü dilə gətirməklə, Cümhuriyyətlə bağlı fikirlərini açıqlamışdır.

Konstitusiyaya edilən dəyişikliklərin qəbulu ilə Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edildi. Bu tarixdə Ərzurum Konqresi ilə Qurtuluş Savaşına qatılan türk dövlət xadimi və valisi Mahzər Müfit Kansu hökumətin necə olacağını soruşduqda Mustafa Kamal Paşa:

"Açıq deyim, zamanı gələndə idarəetmə forması Respublika olacaq”.

Qurtuluş savaşının əvvəlindən milli iradə və milli suverenlik müzakirə olundu, işlər bu prinsiplər çərçivəsində aparıldı, Türkiyə Böyük Millət Məclisi toplandı, bir-birinin ardınca qanunlar qəbul edildi.

Parlament açıldıqdan sonra vaxtı və şərtləri hazır olmadan Cümhuriyyətin adı çəkilməsə də, mühit münasib olduqdan sonra ictimaiyyətdə müzakirə olundu. Parlamentdə uzun sürən iclaslardan sonra 1923-cü il oktyabrın 29-da Cümhuriyyət elan edildi. Ankarada “Yaşasın Cümhuriyyət” sədaları və 101 top gülləsi ilə Türkiyə Cümhuriyyətinin elan edildiyini mətbuat ictimaiyyətə açıqladı.

Növbəti il 26 oktyabr 1924-cü il tarixli 986 saylı fərmanla Cümhuriyyətin elan edilməsinin 101 top gülləsi atılaraq qeyd edilməsi və xüsusi proqramın hazırlanması qərara alındı. 1924-cü ildə keçirilən bayram tədbirləri sonradan keçiriləcək Cümhuriyyətin yaranmasına da damğasını vurdu.

Sizinlə Türkiyə Cumhuriyyət tarixinə kiçik bir nəzər saldıq. Türkiyədə Cumhuriyyət elan edilənə qədər xalq da, insanlar da çox uzun və keşməkeşli yol keçmişdir.

Atatürk Azərbaycanın qurucusu Rəsulzadəyə məktubunda deyir: “Mən dünyaya səndən üç il əvvəl gəlmişəm. Halbuki ilk dəfə sən Türk dünyasında Türklərin bayrağını qaldırmısan və bayraq enməsin deyə, onu sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. Enməz demişsiniz, bu bayraq enməyəcək”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »