Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aslan Kərimov: “Heç bir Dünya Kuboku, heç bir şou insan orqanizmindən və insan həyatından daha vacib deyil”
Aslan Kərimov: “Heç bir Dünya Kuboku, heç bir şou insan orqanizmindən və insan həyatından daha vacib deyil”

Dünya çempionatı zamanı Almaniyanın ZDF kanalında ekspert kimi çalışan "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp su fasilələrini kəskin tənqid edib. O, bunun futbola zərərli olduğunu söyləyib. Bizimyol.info Sport24.az -a istinadən xəbər verir ki, alman mütəxəssis bu barədə ZDF kanalına açıqlama verib.

İçki fasilələri FIFA tərəfindən isti iqlim şəraitində keçirilən oyunlar zamanı oyunçuların sağlamlığını qorumaq üçün tətbiq edilib. Lakin bir çox mütəxəssis və azarkeş onları oyunun dinamikasını pozduqlarına və televiziya reklamları üçün istifadə etdiklərinə görə tənqid edir.

Klopp da bu fikirdədir: "Futbol kondisionerli ofislərdə oturan rəhbərlərin girovuna çevrilib. Su fasilələri oyunçuların sağlamlığı üçün qalxan, istiyə qarşı nəcib bir qılınc kimi təqdim olunur. Lakin onlar sponsorlar üçün tikilmiş qızılı qəfəsdən başqa bir şey deyil. Əvvəllər futbol əsas hadisə idi, amma indi reklam şousu üçün fon musiqisinə çevrilmək riski var".

  • Su fasilələrinin tətbiqi ilə bağlı Kloppun tənqidi fikirlərinə münasibətiniz necədir?

Bu barədə Bizimyol.info xəbər portalına AFFA-nın təhsil şöbəsinin rəhbəri, futbol eksperti Aslan Kərimov bildirib ki, hava şəraiti buna ehtiyac yaratmırsa, su fasilələri oyunun dinamikasına təsir edir: “Əslində, bir tərəfdən bu fikirlə razıyam. Açığı, məsələ futbolun siyasi məsələsidir. Əvvəlki qaydaların futbolçuların orqanizminə mənfi təsir göstərdiyi sübut olunub. Oyunçular performans zamanı müəyyən miqdarda su qəbul etməlidirlər, çünki bu, onların fiziki durumuna və oyun keyfiyyətinə birbaşa təsir edir. Amma oyun ərzində hər bir oyunçunun tez-tez su içmək ehtiyacını azaltmaq üçün müəyyən temperatur həddi tətbiq olunur. Səhv etmirəmsə, temperatur 30-31 dərəcədən yuxarı olduqda hakim, məsələn, birinci hissənin ortasında su fasiləsi elan edir.

Amma başqa tərəfdən, əgər hava şəraiti buna ehtiyac yaratmırsa, su fasilələri oyunun dinamikasına təsir edir. Məsələn, oyunların birində narın yağış yağırdı, buna baxmayaraq, protokolda nəzərdə tutulduğu üçün hakim su fasiləsi verdi. Yağış zamanı su fasiləsi vermək bir az ağılsızlıq çıxır.

Dolayısı ilə belə təəssürat yaranır ki, müəyyən hallarda bu fasilələr reklam məqsədlərinə də xidmət edir. Bu isə oyunun tempini aşağı salır. Komandalar qısa müddət də olsa dincəlir, nəticədə oyunun ritmi pozulur və futbolçular müəyyən mənada oyundan çıxmış olurlar”.

Aslan Kərimov deyib: “Amma digər tərəfdən, həqiqətən də insan sağlamlığına zərər yaradan bir vəziyyət varsa, istər-istəməz heç bir Dünya Kuboku, heç bir şou insan orqanizmindən və insan həyatından daha vacib deyil. Bu baxımdan temperatur müəyyən həddi keçərsə, hakim su fasiləsi verməyə məcburdur. Amma bunu bütün oyunlara və bütün turnirə şamil edib protokola salmaqda, yəqin ki, müəyyən maddi amillər də nəzərə alınıb”.

Aslan Kərimov əlavə edib: “Xüsusi isti havalarda müəyyən bir hədd var və həmin dərəcədən yuxarı olduqda su fasiləsi vermək vacibdir, hətta zəruridir. Amma temperatur həmin həddə çatmayıbsa, bunu protokola daxil etmək artıq işin şou tərəfidir, burada maliyyə amili də rol oynayır. Mən bunu düzgün hesab etmirəm. Ona görə də Kloppun fikirləri ilə qismən razıyam”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »