Parabüzənləri əllə götürmək tövsiyə olunmur. Çünki onlar özlərini təhlükədə hiss etdikdə müdafiə reaksiyası olaraq tərkibində zəhərli maddələr olan maye ifraz edirlər. Bizimyol.info portalı oxu.az saytına istinadən xəbər verir ki, bu barədə rusiyalı biologiya elmləri doktoru, professor Mixail Qildenkov "RIA Novosti"yə müsahibəsində məlumat verib.
Alimin sözlərinə görə, parabüzənlər hemolimfa adlı maye ifraz edirlər. Həmin mayenin tərkibində toksik və acı təsirə malik kantaridin maddəsi mövcuddur. Professor bildirib ki, böcəyin ifraz etdiyi zəhərin konsentrasiyası insanlar üçün yüksək təhlükə yaratmasa da, həssas və zərif dəridə qıcıqlanmaya, qızartıya, eləcə də allergik reaksiyalara səbəb ola bilər. Mütəxəssis parabüzənlərlə təmas zamanı ehtiyatlı olmağı və onları əllə tutmamağı tövsiyə edib.
- Parabüzənlərin ifraz etdiyi mayenin tərkibində olan maddələr insan sağlamlığı üçün hansı hallarda risk yarada bilər?
Bu barədə Bizimyol.info xəbər portalına danışan biologiya üzrə fəlsəfə doktoru, entomoloq Gülər Hüseynzadə bildirib ki, parabüzənlərin ifraz etdikləri kantaridin maddəsi insanlar üçün öldürücu deyil: “Ümumiyyətlə, parəbüzənlər xeyirli həşəratlardır. Mənənələr, koksidilər, yastıcalar və s. ziyanvericilərlə qidalanırlar. Müdafiə məqsədilə ifraz etdikləri kantaridin maddəsi insanlar üçün öldürücu deyil, amma bəzi hallarda (bu maddəyə qarşı allergiyası olan insanlarda) selikli qişaya düşdükdə qızartı, yanıq kimi allergiya verə bilər. Həmçinin paltarda, mebeldə ləkələr qalır. Yaxşı olar ki, parəbüzənlər toxunmayasınız, onları məhv etməyəsiniz, çünki təbiətdə bitki ziyanvericilərinin sayının sayının tənzimlənməsində böyük rol oynayırlar”.
Günel Həsənova, Bizimyol.info






